Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan – İraq” Mədəni Əlaqələr İctimai Birliyi “Şuşalı qəhrəman İsrafil İbrahimov: “Yalnız irəli – 4” sənədli film çəkilişi və neo-təbliğat” adlı üçaylıq layihəsinin həyata keçirməyə başlayıb. 1 iyul – 30 sentyabr tarixində icra ediləcək kreativ layihə haqqında İB-nin rəhbəri Tahirə Məmmədova media nümayəndələri üçün geniş məlumatlar verib.
Tahirə Məmmədova bildirib ki, gənclərimizin Azərbaycançılıq ideologiyası və hərbi-vətənpərvərlik ruhunda formalaşması, yeni nəslin xaricdən gələn müxtəlif siyasi, dini, sosial, mədəni və başqa təqsirlərdən qorumaq üçün milli-mənəvi dəyərlərlə yetişməsi üçün onların qəbul etdiyi formatlarda informatik-bilgili məlumatların, vizual-virtual məhsulların hazırlanaraq geniş təbliğata, tanıtıma, Vətənimiz Azərbaycan ətrafında birləşməsi üçün kreativ şəbəkələşməsinə xüsusi önəm verilməlidir. Son vaxtlar ölkəmiz ətrafında baş verən geosiyasi hadisələr, münaqişədə olduğumuz Ermənistan, qonşu İran və başqa dost olmayan ölkələrdən İnternet, eləcə də KİV vasitəsi ilə ixrac olunan fərqli informatik-ideoloji “silahlara, hücumlara” qarşı doğru mübarizə Azərbaycançılıq və Vətənçilik ideyası ətrafında yeni nəsil nümayəndələrini və dünyaya səpələnmiş 60 milyonluq soydaşlarımızı birləşdirmək, şəbəkələşdirmək, səfərbər etməkdir.
Bu baxımdan II Qarabag müharibəsind iştirak edərək sevdikləri, canlarını fəda etdikləri Bütöv Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın geniş kütlələrə tanıdılması, onların müqəddəs amallarınn təbliği, millətimizin dünyaya nümunə olan 30 illik haqq müharibəsinin ekran salnaməsini yaratmaqla, gənclərdə vətənpərvərliyi, Azərbaycansevərliyi daha da gücləndirmək çox vacibdir. II Qarabağ savaşında baş verən fövqəl-olaylar bir daha sübut etdi ki, Vətən hər zaman təhdidlərə məruz qalanda, onun uğrunda canını verən igidlərin hesabına ən qatı düşmənə də qalib gəlmək mümkündür.
Müzəffər Ordumuzun Ali Baş Komandanı, Qarabağ fatehi, Prezident İlham Əliyev cənabları tərəfindən 2022-ci ili “Şuşa İli”, daha sonra 2023-cü ilin Şuşamızın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunmasına kreativ qatqı məhz bu diyarın dəyərli övladlarına dair ədəbi-mədəni sənət əsərləri yaratmadır. Əslən Qarabağ – Qafqazın konservatoriyası sayılan Şuşadan olan şəhid qəhrəmanlar haqqında layihəni təqdim edən təşkilatın başladığı tanıtım kampaniyalarının tərkib hissəsi kimi sənədli filmlər silsiləsinin dördüncü hissəsinin çəkilişi, eyni zamanda, neo-maarifçilik tanıtım və təqdimatlar vasitəsilə geniş real və virtual kreativ-vətənpərəvərlik aksiyalar keçirməklə Azərbaycana, Qarabağa, Şuşaya diqqət, sayğı və sevgini aşılamaq, torpaqlar uğrunda igidliklər göstərənlər simasında dəyərli şəxslərə xalqın, gənclərimizin ehtiramı artırmaq aktual məsələlərdəndir. Tammetrajlı sənədli film , Qarabağ, Şuşa və bu dilbər şəhərin işğalı, onun uğrunda canını fəda edən qəhrəman şuşalıllar haqqında silsilənin növbəti, dördüncü hissəsini təşkil edəcək.
Ümumən, sonuncu – II Qarabağ müharibəsində əslən Şuşadan olan 9 şəhid qəhrəman var: onların şərəfli ömür və döyüş yolu yeni nəslə nümunə kimi tanıdılmalıdır ki, Qarabağ İqtisadi Zonasına daxil olan bölgələrin bərpası proseslərində gənclərimiz mətinlə çalışsın, Azərbaycanımızı, doğma diyarını yenidən tikib-yaratmağı, iqtisadi-mədəni inkişaf etdirməyi bacarsınlar.
Bütün zamanlarda olduğu kimi, II Qarabağ müharibəsindən sonrakı dövrdə müəyyən ictimai-psixoloji boşluq, mənəvi-ruhi böhranlar baş verməsi normaldır. Cəmiyyətini və ölkəmizi bunun zərərli təsirlərindən qorumaq, mərhələləi şəkildə sosial-məişət problemləri həll olunan hərbiçilərin, gənclərimizin radikal daxili və xarici qüvvələrin təsirinə düşməmələri üçün onların Vətən qarşısındakı rəşadətli qəhrəmanlıqları siyasi-mənəvi ideologiya səviyyəsində təbliğ olunmalıdır. Şəhidlər və qəhrəmanlarımızın hər zaman xalq, Vətən üçün gərəkli olmaları təbliğ edilməli, onların möhtəşəm qələbələri ideoloji-mənəvi işə çevrilməsi üçün vizual formalarda uşaqlara, yeniyetmələrə, gənclərə, gələcək nəsillərə tanıdılmalıdırlar.
Bu baxımdan da Şuşalılar haqqında vizual ensiklopediyanın bu hissəsi – “Yalnız irəli – 4” sənədli filmi o şəhəri görməyən, fəqət, Qarabağ uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə qalxmış bir igid hərbiçi İsrafil Zülfüqar oğlu İbrahimovun gənclərə ibrətgöstəriləsi həyat və döyüş yolu haqqındadır. Qarabağdakı 44 günlük möhtəşəm Vətən müharibəsində qəhrəman hərbiçilərimizin igidlikləri dillər əzbəri olub. Müharibə qəhrəmanlarından söhbət düşərkən, əsasən, ön cəbhədəki döyüşçülər yada düşür: döyüşlərdə mətincəsinə igidlik göstərən, əslən Şuşadan olan peşəkar hərbiçilərin xidmətləri az deyildir. Öz həyatını riskə ataraq Vətən müharibəsində iştirak edən, Qarabağ – Cəbrayıl, Qubadlı, Laçın uğrunda qəhrəmanlıqlar göstərmiş belə peşəkar hərbiçilərdən biri də əslən Şuşalı, şəhid İsrafil Zülfüqar oğlu İbrahimov idi. Həyatında Şuşanı görməyən bu qəhrəmanın şərəfli ömür və müharibə yolu Vətənə xidmətləri gənclərimizə nümunədir.
Bakı şəhərində, igid hərbiçinin əbədi torpaqa tapşırıldığı Beyləqan rayonunda sənədli film çəkilişləri, şəhidin məzarının yad edilməsi, ailəsi ilə görüş, tədbirlər silsiləsi, gənclər üçün sosial şəbəkələrdə virtual aksiyalar, neo-maarifçilik, kağız və elektron kitab nəşri, yayımı, təqdimat mərasimləri, vətənpərvərliyin hər zaman aktual olmasını qabartmaqla Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlara, dövlətimizlə yanaşı, geniş ictimaiyyətimizin və QHT sektorunun verdiyi önəmi nümayişi sayıla bilər.
Layihə və sənədli filmin baş qəhrəmanı, əslən Şuşadan olan İsrafil “N” saylı hərbi hissədə sülhməramlı qoşunda müddətdən artıq 1 il 6 ay hərbi xidmət edib. Vətən müharibəsində iştirak edən, Qarabağ – Cəbrayıl, Qubadlı, Laçın uğrunda qəhrəmanlıqlar göstərmişdir. 16 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən ağır döyüşlərdə kiçik çavuş rütbəsində şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə İsrafil Zülfüqar oğlu İbrahimov ölümündən sonra dövlətimizin orden və medallarına – “Vətənə xidmətə görə” (3-cü dərəcə) ordeni, “Vətən uğrunda”, “Cəbrayıl uğrunda”, “Qubadlı uğrunda” və “Laçın uğrunda” medalları ilə təltif olunub.
Peşəkar xüsusi təyinatlı olaraq onun vətənsevər ömür və döyüş yolu, Qarabağdakı nümunəvi hərbi xidməti, göstərdiyi igidliklər müxtəlif formatda əbədiləşdirilsə, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində mühum rol oynayacağına əminik. Bu istiqamətdə isə paralel və modern neo-maarifçilik fəaliyyətlərə, ənənəvi – təbliğat, eləcə də vizual və virtual tanıtım formatlarına (sənədli film, sosial şəbəkələrdə aksiyalar) ehtiyac duyulur ki, layihə də bunları dəstəkləyir. Respublikamızın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qarabağ, Şuşa və ətraf rayonların azadlığı uğrunda gedən döyüşlərdə igidcəsinə iştirak edənlərdən biri kimi İsrafil İbrahimovun simasında öz doğma diyarından ötrü canını fəda etmiş igidin ekran obrazını yaratmaqla vətənpərvərliyin təbliği, şəhid ailələrinə diqqət və qayğının artırılmasına əyani sübutdur. Bu mövzuda vizual məhsullarla – sənədli filmlə fikirlərinin çatdırılması, sosial şəbəkələrdə müxtəlif formada tanıtım və kampaniyaların təşkili vacibdir.
Bu layihənin məqsədi vətənpərvərliyin yeni kreativ formalarda təbliği, bu istiqaməıtdə şəhidlərin, qəhrəmanların tanıdılması, onların adlarının əbədiləşdirilməsidir. Hərbi-vətənpərvərlik, qəhrəmanlıq istiqamətində bir çox məsələlərdə fərqli düşünən sağlamfikirli yaradıcı şəxslərin müxtəlif janrda əsərlərini yaranmasını həvəsləndirmək, vizual məhsulların çəkilməsi, İnternetdə yerləşdirilməsi, təqdimatı, sosial şəbəkələrdə tanıtımı, xüsusən yeni nəslin nümayəndələrinə çatdırılması, ən yeni nəslin nümayəndələrinin qəbul etdiyi virtual formada kampaniyaların təşkili xüsusi önəm kəsb edir. Vətənpərvərliyin zirvəsi sayılan müharibə qəhrəmanlarının işıqlı obrazlarını çağdaş humanitar düşüncəmizdə, milli kinomatoqrafiyamızda, milli-mənəvi ideologiyamızda, İnternet resurslarımızda yaratmaqla, geniş ictimaiyyətə tanıtmaq, davamlı təbliğat aparmaqla dövlətimizin bu sahədə apardığı siyasətə dəstək durmaq üçün fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulur.
Real tanıtım tədbiri, eləcə də sosial şəbəkələrdə yaradılacaq xüsusi səhifədə virtual fəaliyyətləri dəstəkləməklə, İnternet, yeni media, KİV, sosial şəbəkələr, onlayn TV məhsullar vasitəsilə yeniyetmə və gənclər arasında Şuşa və Qarabağa sevgini aşılamaq, tanıtmaq, Qarabağın dirçəlişinə həvəsləndirməyi hədəfləyib. Layihənin təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir: onun təqdimatı, tanıtımı və sosial şəbəkələrdəki virtual təbliğinə xüsusi önəm veriləcəkdir.
“Azərbaycan – İraq” Mədəni Əlaqələr İctimai Birliyinin Mətbuat Xidməti