Türkiyədəki seçki ənənəsi və siyasi mədəniyyət digər ölkələr üçün nümunə olmalıdır

Türkiyədə seçki prosesi, sonrakı dönəm  çox həssaslıqla izlənilir. Kifayət qədər tələbkar olan türkiyəli seçici kimə, hansı ideyalara, məqsədlərə səs verdiyinin fərqindədir. İnanmaq istərdik ki, qardaş ölkədə çox milyonlu seçici kütləsi  Prezident Rəcəb Tayyib Ərdoğana və onun siyasi kursuna səs verməklə yanılmayıb.

Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin yeni kabinetinin üzvlərinin andiçmə mərasiminin keçirilməsini izlədik. Həmin yeni kadrların tərcümeyi-halına nəzər saldıqda bir  daha şahidi oluruq ki, bu insanların hədəfi Türk xalqına, dövlətinə ləyaqətlə xidmət etməkdir.

Bir vacib məqamın telekanallar vasitəsilə müşahidə etdim. Keçmiş nazirlər öz xələflərinə, yeni komandaya vəzifələrini millətin, dövlətin şərəf işi olaraq təhvil verdilər. Böyük bir hörmətlə, ehtiramla öz postlarından çəkildilər. Həmin keçmiş məmurlar heç bir korrupsiya ittihamı ilə  üzləşmədən  bu prosesə imza atıblar.

Bütün bunlar Türkiyənin seçki təcrübəsinin və siyasi mədəniyyətinin nəticələridir. Bu da bir çox ölkələrə, xüsusilə, MDB məkanına nümunə olacaq təcrübədir.

Onu qeyd etmək lazımdır ki, Türkiyənin seçicisi çox tələbkardır. Onlar istənilən məmurun yaxasından yapışıb öz haqqlarını, hüquqlarını tələb etmək gücündədirlər. Müşahidələrimizə əsaslanaraq demək olar ki, Türkiyədə yalançı vədlərlə, populist çıxışlarla deyil, yalnız məsuliyyətli xidmətlə, insanların problemlərini həll etməklə əhalinin rəğbətini qazanmaq olar. İnanmaq istərdik ki, yeni heyət bu missiyanı qüsursuz yerinə yetirəcək.

Əkrəm Bəydəmirli