Laçın yolunda yaradılan sərhəd-buraxılış məntəqəsi Ermənistan hakimiyyəti və xalqı, həmçinin Xankəndidəki separatçı rejimlə Qarabağ erməniləri arasında ciddi fikir ayrılığına səbəb olub.
Dunyaxeber.org xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Ermənilər arasında oyuncaq separatçı rejimin başçısı Araik Arutyunyana inamın ciddi şəkildə azaldığı, onun çarəsiz qaldığı və ikili hərəkət etdiyi söylənilir.
Qarabağ ermənilərinin Ermənistana getmək üçün məntəqədə yoxlanışdan keçməsi, bölgəyə daxilolmalara Azərbaycan sərhədçiləri və nümayəndələrinin nəzarət etməsi reinteqrasiya prosesinin ilk amili kimi qiymətləndirilir. Baş nazir Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etməsindən sonra Araik Arutyunyanın Rusiya ilə müzakirə apardığı, separatçı rejimin “öz müqəddəratını həll etmək” iddiasından əl çəkdiyi, sərhəd-buraxılış məntəqəsinin fəaliyyətini qanuni hesab etdiyi, yaxınlarına Bakının bu qərarı ilə razılaşmaqdan başqa yolu olmadığını dediyi bildirilir.
Məlumata görə, A.Arutyunyan Xankəndidə tez-tez mitinq və görüşlər keçirərək əhaliyə Bakı ilə təmaslar prosesinə mane olmağa çalışdıqlarını desə də, sözlərinin tam əksinə hərəkət edir. Onun yaxınlarına “Nikol qərarını verib, mən nə edə bilərəm?” dediyi barədə söhbətlər yayılıb.
Separatçı rejimin artıq vəziyyəti qəbul etdiyi və çarəsiz qaldıqları vurğulanıb. Qeyd edilir ki, A.Arutyunyan kəskin tənqidlərlə üzləşməmək üçün fərqli fikirlər səsləndirir, amma reallıqda tamam başqa şəkildə hərəkət edir./Globalinfo.az