“Bu fond türk dövlətlərinə böyük mənfəət gətirə bilər”

“Türk İnvestisiya Fondunun yaradılması təşkilata üzv dövlətlərdə müasir koordinasiyanın və kapital qoyuluşunun təminatlılığının müəyyən edilməsinə böyük töhfə verəcək”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, Fondun əsas məqsədi sözügedən ölkələrdə investisiyaya ən çox ehtiyacı olan sahələri müəyyən edib, o sahəyə kapital qoyuluşuna nail olmaqdır:

“Türk İnvestisiya Fondunun yaradılması bütün Türk dövlətləri üçün böyük mənfəət və imkanlar yarada bilər. Son dövrlər Türk dövlətləri arasında siyasi-iqtisadi əlaqələr inkişaf etməkdədir. Fondun yaradılması sözügedən ölkələrin vahid investisiya siyasətinin həyata keçirilməsi üçün olduqca əhəmiyyətli xarakter daşıyır. Azərbaycan türk dövlətləri içərisində öz maliyyə ehtiyatlarına görə güclü dövlətlərdən biri sayılır. Fondun yaradılması təşkilata üzv ölkələrlə investisiya siyasəti sahəsində qarşılıqlı əlaqələrin həyata keçirilməsinə böyük sərmayə gətirə bilər”.

P.Heydərov qeyd edib ki, əsas məsələlərədn biri də Fondun idarəetmsinin keyfiyyətli şəkildə təşkil olunmasıdır:

“Türk dövlətlərində kapital qoyuluşunun həyata keçirilməsi üçün münbit sahələr dəqiq müəyyən edilməlidir. Məsələn, Azərbaycanda qeyri-neft sektoru və kənd təsərrüfatının inkişafına böyük ehtiyac var. Digər ölkələrdə, Qazaxıstanda, Özbəkistanda bu, tamam başqa sahələr ola bilər. Fond həmin sahələrin ölkə iqtisadiyyatında inkişafına nail olarsa, o zaman bu layihənin əhəmiyyətindən danışmaq mümkündür. Yəqin ki, vəsaitin təyin olunmasında hər bir ölkənin öz payı olacaq. Yəni, əsas məsələ maliyyə vəsaitlərinin toplanması deyil. Əgər zəif sahələr inkişaf etsə, bütün tərəflər mövcud iqtisadi əlaqələrin inkişafında maraqlı olacaq”.