Kişinyov görüşündən gözləntilər – Hansı məsələlər masada olacaq?

“Kişinyovda sülh sazişi istiqamətində irəliləyişin olmayacağı qənaətindəyəm”.

Bu sözləri Kişinyovda görüşdə əldə olunması gözlənilən razılaşmalarla bağlı danışan politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadənin sözlərinə görə, tərəflər arasında saziş imzalanması gözlənilmir:

“Məlumdur ki, Avropa İttifaqının vasitəçiliyi ilə mayın 14-də Brüsseldə keçirilən görüşdə Ermənistan 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanıdığını bəyan etdi. Həmin görüşdə, həmçinin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində də müzakirələrdə müəyyən irəliləyişlərə nail olundu.

Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelərdə müəyyən yaxınlaşmalar oldu və dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verildi.

Bundan sonra mayın 25-də Moskva görüşündə də nəqliyyat-kommunikasiya məsələləri yenidən masaya yatırıldı, lakin konkret hər hansısa qərar qəbul olunmadı.

Odur ki, Kişinyovda keçirilən görüşdə eyni müzakirələrin davam etdiriləcəyi qənaətindəyəm. Məlum olduğu kimi, Kişinyov görüşü Avropa Siyasi İcması sammiti çərçivəsində keçiriləcək. 47 dövlət və hökumət başçısının iştirakı ilə Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə, həmçinin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun da iştirakı gözlənilir.

Düşünürəm ki, bu səviyyədə keçiriləcək görüşdə nəqliyyat əlaqələrinin bərpası üçün Ermənistana maliyyə dəstəyi baxımından hansısa vədlər verilə bilər. Yəni başqa sözlə, dəmiryolunun Ermənistana düşən hissəsinin tikintisi üçün Avropa İttifaqı tərəfindən maliyyə yardımı ayrıla bilər.

Görüşdə, həmçinin humanitar məsələlər ətrafında da müzakirələrin aparılacağı gözləniləndir. Əsir hərbçilərin dəyişdirilməsi məsələsində də irəliləyiş ola bilər. Gözlənilən sülh sazişinə gəldikdə isə, bu görüşdə hər hansı sülh sazişinin imzalanacağını düşünmürəm. Bu istiqamətdə çərçivə sazişinin detalları üzərində müzakirə aparıla bilər, amma sülh sazişi istiqamətində irəliləyişin olmayacağı qənaətindəyəm”.