Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Azərbaycan İnvestisiya Holdinqi arasında yükdaşımalar sahəsində əməkdaşlıq barədə niyyət sənədi imzalanıb
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənəd Özbəkistanın Səmərqənd şəhərində keçirilən EBRD-nin Rəhbərlər Şurasının 32-ci İllik Toplantısı çərçivəsində imzalanıb.
Toplantıda Azərbaycanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Tədbir çərçivəsində Azərbaycanın investisiya imkanlarının təqdimatına dair sessiya keçirilib.Sessiyada ölkəmizin biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, bərpa olunan və “yaşıl” enerji, nəqliyyat-tranzit potensialı barədə məlumat verilib.
E. Əliyev çıxışında ölkəmizin milli prioritetləri, həyata keçirilən iqtisadi layihələr barədə məlumat verib. Diqqətə çatdırılıb ki, azad edilmiş ərazilərimizə qayıdışla bağlı Milli Prioritet çərçivəsində “ağıllı” konsepsiyalar əsasında yeni şəhərlər, kəndlər tikilir, infrastruktura investisiyalar yatırılır. “Yaşıl” enerji məkanı elan edilən bu ərazilərə yatırılan investisiyalara vergi və gömrük güzəştləri tətbiq olunur.
Azərbaycanda xarici investorlar üçün yaradılan əlverişli imkanlar barədə məlumat verən nazirin birinci müavini bildirib ki: “Azərbaycan Orta Dəhlizin əsas iştirakçısı kimi əməkdaşlığın əhatə dairəsini genişləndirmək üçün infrastruktura böyük sərmayə qoyub. Hazırda Azərbaycanın Xəzər dənizində böyük donanması var. Ələt Azad İqtisadi Zonası müasir limanlara və böyük nəqliyyat dəhlizlərinə əlçatanlığı ilə xarici investisiyalara açıqdır. Ölkəmiz Şərqlə Qərb arasında nəqliyyat-tranzit, enerji resursları və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynaya bilər”.
Tədbirdə bildirilib ki, Azərbaycanda 2-si işğaldan azad edilmiş ərazilərimizdə olmaqla 7 sənaye parkı fəaliyyət göstərir. İnvestorlar üçün zəruri infrastrukturun yaradıldığı bu sənaye parklarında vergi və gömrük stimulları tətbiq edilir.
Əlavə edilib ki, Azərbaycan və Özbəkistan tərəfindən birgə investisiya fondu yaradılıb. Bu, Azərbaycan və Özbəkistanda birgə layihələrin malilyyələşdirilməsinə yeni imkanlar yaradır.
Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, dövlət müəssisələrinin idarə edilməsi, Azərbaycanın bərpa olunan və “yaşıl” enerji imkanları, bu istiqamətdə icra edilən layihələr, qanunvericiliyin təkmilləşdirilməsi və s. məsələlər barədə iştirakçıları məlumatlandırıblar.
Sessiya çərçivəsində Azərbaycanın investisiya imkanları barədə müzakirə aparılıb, suallar cavablandırılıb.
Tədbirdə AYİB ilə Azərbaycan İnvestisiya Holdinqi arasında yükdaşımalar sahəsində əməkdaşlıq barədə niyyət sənədi imzalanıb.