Büdcəyə dəyişikliklərdə neftin qiymətinə toxunmağa dəyərmi?

Pərviz Heydərov yazır…

Cari ilin dövlət büdcəsinə ediləcək dəyişikliklər sırasında neftin qiymətinin necə müəyyən olunacağı maraq doğurur. Maliyyə naziri Samir Şərifov da qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsində neftin qiymətində dəyişikliklər ola bilər, hansı ki, bunun üçün müəyyən əsaslar var.

Nazirin qeyd etdiyi əsaslar sırasında isə ən başlıcası il başlanandan bəri neftin satışından büdcədə fiksə edilən qiymətdən artıq gəlir əldə olunmasıdır. Bu il dövlət büdcəmizdə xam neftin 1 barelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülüb. Cari ilin əvvəlindən isə qiymətlər gah 80 dolların üstündə, gah da altında oynayır.

Yeri gəlmişkən, neftin orta illik ixrac qiyməti keçən ilin dövlət büdcəsində də 50 ABŞ dolları səviyyəsində götürülmüşdü. Lakin iyunda büdcə proqnozlarının dürüstləşdirilməsi zamanı bu, 85 dollara qaldırıldı.

Bəs, bu dəfə necə, büdcəyə dəyişikliklər zamanı qiymət qaldırılacaq, yoxsa azaldılacaq?

Fikrimcə, qiymət səviyyəsinə toxunulmasa yaxşıdır. Hazırda neftin dünya bazar qiymətləri 80 ABŞ dollarından aşağıdır. Söhbət, “Azeri Light” markalı neftdən gedir. Qeyd edim ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olaraq yadda qalıb. Qiymət üzrə bu rəqəmlərin nə vaxtsa yenidən qeydə alınacığı gözlənilən deyil.

Lakin…

Dövlət gəlirlərimizin neft və qazdan asılılığı davam edir. Və bu, uzun müddət belə olacaq. Ümumiyyətlə, neftin dünya bazar qiymətləri bizim üçün əsas və təsiredici faktor rolunda çıxış edir, o mənada ki, hər il ərzində gəlir və xərclərimiz bunun əsasında təşəkkül tapır. Təsadüfi deyil, hər dəfə növbəti il üçün təqdim edilən dövlət büdcəsi layihəsində ümumi gəlir məbləği yazılmamışdan öncə, beynəlxalq bazarlarda neftin 1 barelinin orta illik ixrac qiymətinə dair proqnoz göstərici əsas götürülür.

Yeri gəlmişkən, 2023-cü ilin dövlət büdcəsinin 53% hissəsini neft-qaz sektoruna aid gəlirlər təşkil edəcək ki, büdcənin ÜDM-in 29% hissəsinə bərabər 30 milyard 720 milyon 700 min manat mədaxilin 16 milyard 297 milyon manatını, yəni 53% hissəsini neft-qaz, yerdə qalan 14 milyard 423 milyon 700 min manatını – 47% hissəsini isə qeyri-neft-qaz sektorundan daxilolmalar təmin etməlidir.
Neft-qaz sektorundan daxilolmaların 11 milyard 280 milyon manatını – 69,2%-ni Dövlət Neft Fondundan transfert, 5 milyard 17 milyon manatını – 30,8%-ni isə vergi orqanları tərəfindən sözügedən sektorda çalışan şirkətlərin öhdəliklərindən əldə olunacaq mədaxil təşkil edəcək.

Göründüyü kimi, dövlət gəlirlərimizin neft və qazdan asılılığı davam edir. Və bu, uzun müddət belə olacaq. Ümumiyyətlə, neftin dünya bazar qiymətləri bizim üçün əsas və təsiredici faktor rolunda çıxış edir ki, hər il ərzində gəlir və xərclərimiz məhz bunun əsasında təşəkkül tapır. Odur ki, beynəlxalq bazarlarda neftin bir barelinin orta illik ixrac qiymətinə dair proqnoz göstəriciyə görə dəyər göstəricisinə toxunmağa dəyməz.

Söhbət indiki haldan gedir. Dünya bazarlarında xam neft hələ 80 ABŞ dollarının altında oynadığı halda OPEC+ ölkələri ötən ayın əvvəlində hasilatı əlavə olaraq azaltmaq qərarına gəlsələr də, qiymətlər 80 dolların üstündə olmayacaq. Yəni, kimin və yaxud hansı dairənin nə proqnoz etməsindən asılı olmayaraq, neftin büdcədə fiksə edilən qiymət səviyyəsinə dəyməyə lüzum yoxdur.

Ancaq gözlənilənsə budur ki, büdcəyə dürüstləşdirmə zamanı neftin onda fiksə edilən qiyməti də nisbətən artırıla bilər. Hesab edirəm, bu, düzgün qərar olmayacaq.

Cari ilin ilk rübü ərzində dövlət büdcəsinin neft sektoru üzrə daxilolmaları 3 milyard 860 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 4 milyard 17 milyon 400 min manat və ya 9,8 % az (Dövlət Neft Fondundan nəzərdə tutulandan 1 milyard 2 milyon 44,0 min manat az vəsait daxil olub), 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 5 milyard 45 milyon 500 min manat və ya 16,5% çox demək olub.

2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmaların 59,2%-i və ya 2 milyard 284 milyon manatı vergi, 40,8%-i və ya 1 milyard 576 milyon manatı Neft Fondundan transfert təşkil edib.

Vergi Xidmətinin xəttiylə dövlət büdcəsinə mədaxil olmuş neft gəlirlərinin 67,7%-i və ya 1 milyard 545 milyon 700 min manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 22,5% və ya 5 milyard 13 milyon 100 min manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, ödədiyi müvafiq vergilər, 9,8%-ni və ya 225,2 milyon manatını isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin mənfəət vergisi təmin edib.

Ümumiyyətlə, dövlət büdcəsinin neft-qaz sektorundan asılılığını azaltmaq gedişatına və tendensiyasına uyğun olaraq neftin orta illik ixrac qiymətini nəyinki ilin ortasında dəyişmək, qarşıdakı 3 il ərzində də olsa belə 50 ABŞ dolları səviyyəsində götürmək ən optimal və uyğun variant sayılır.