“Məhsuldarlığın aşağı düşməsi qiymətə mənfi təsir göstərəcək” – ŞƏRH + FOTO

Soğanın məhsuldarlığının aşağı düşməsi ilə bağlı son günlər sosial şəbəkələrdə məlumatlara rast gəlinir. Məhsuldarlığının aşağı düşməsinin qiymətə təsir edəcəyindən ehtiyatlananlar var. Bununla yanaşı fermerlər çox narahatdırlar. Çünki məhsuldarlıq aşağı düşdüyündən fermerlər çəkdikləri xərci çıxara bilmədiklərini dilə gətirirlər.

Bəs görəsən, məhsuldarlığın aşağı düşməsi qiymətə təsir göstərə bilərmi? Ötən illə müqayisə etsək, nəticə necə olar?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, məhsuldarlıq azalarsa, birmənalı şəkildə bu, öz növbəsində, qiymətə də təsir göstərəcək:

“Məhsula olan mövsümi tələbat əsas rol oynayır. Bununla yanaşı qiymətin formalaşmasında məhsulun həcmi də rol oynayır. İqtisadi göstəricilərə əsasən, demək olar ki, məhsuldarlıq azalarsa, bu, birmənalı şəkildə qiymətə təsir göstərəcək. Qiymətin formalaşmasında məhsulun həcmi rol oynayır. Burada mövsümi tələbat da əsasdır. Tələbat artdıqca qiymət artır. Təklif azalarsa, əlbəttə ki, bu, qiymətə təsir edəcək”.

İqtisadçı qeyd edib ki, əsas məqam təklif və tələb arasında incə balansı daim saxlamaqdır:

“Təsəvvür edin ki, məhsuldarlıq azalıb. Mövsümi tələbat artsa, bu, kəskin şəkildə qiymətə təsir edə bilər. Ümid edək ki, tənzimlənəcək. Elə bir ciddi problem deyil. Kifayət qədər bununla bağlı təsərrüfatlarımız var. Düşünürəm ki, bazara reaksiya verə bilirlər.

Bir neçə il bundan öncə belə bir problem yaşanmışdı. Məhsullar dəyərindən də aşağı qiymətə çıxarılmışdı. Əkin sahələrində çox məhsul əkmişdilər. Belə məsələlər tənzimlənməlidir”.

F.İbrahimov əlavə edib ki, incə məqam olan təklif və tələb arasında siyasət sahibkarlara vaxtı-vaxtında ötürülməlidir:

“Kənd təsərrüfatının məhsullarında incə məqam olan təklif və tələb arasında siyasət barədə sahibkarlar vaxtı-vaxtında məlumatlandırılmalıdırlar. Bazarda həddən artıq təklifin olması qiymətin kəskin şəkildə ucuzlaşmasına səbəb ola bilər.

Eyni zamanda alıcılıq olmadığı halda məhvinə səbəb ola bilər. Elə hal olanda sahibkar bazardan çəkilir və birdə məhsulun əkininə getmir. İncə siyasət tənzimlənməlidir”.

İqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, hazırda soğan becərilməsi üçün münbit hava şəraiti yoxdur:

“Hava şəraiti ilə əlaqədar ola bilər ki, məhsuldarlıq aşağı düşsün. Çünki soğan becərilməsi üçün münbit hava şəraiti deyil. Digər tərəfdən qeyd olunur ki, xəstəlik var. Bu da məhsuldarlığa mənfi təsirlər göstərdi. Ötən illər ərzində bizim ölkəmiz soğan istehsalı ilə özünü təmin edirdi. Lakin indi istehsalda problem yaransa, hansısa məhsul qıtlığı olsa, qiymətlərə mənfi təsir göstərə bilər.

Soğanın idxalına digər ölkələrdə 15 faiz güzəşt tətbiq edilib. Biz hələ ki, bu barədə yetkin qərara gələ bilmərik. Mövsüm yeni başlayıb. Bu barədə ciddi proqnoz vermək olmaz. Məhsuldarlıq aşağı düşsə, qiymətlərə öz mənfi təsirini göstərəcək”.

Qeyd edək ki, BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına əsasən, 1980-ci ildə dünyada soğan əkinlərinin sahəsi 1,62 milyon hektar təşkil etdiyi halda, 2020-ci ildə bu rəqəm 5,5 milyon hektara çatıb. Qlobal soğan istehsalı isə 22-23 milyon tondan 2022-ci ildə 100 milyon tona qədər artıb. Dünyada adambaşına soğan istehlakı göstəricisi isə ildə 8 kq-dan 13 kq-a yüksəlib. Qlobal soğan ticarətinin natural həcmi 9 milyon ton civarındadır. Dəyər ifadəsində isə soğan ticarətinin həcmi 20 ildə 3 dəfədən çox artaraq 2021-ci ildə 52 milyard dolları keçib.

Nəzrin Vahid