Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, A.İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. İfaçılıq sahəsində öz dəsti-xətti olan sənətkar yaratdığı musiqi parçaları ilə milyonların qəlbini fəth edib.
A.İsrafilov dinləyicilərin qəlbində silinməz izlər buraxmış ”Zemfira”, “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi 100-ə qədər musiqi havasının müəllifidir.
O, Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. O, 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.