Tarixin müxtəlif dönəmlərində o cümlədən 20-ci əsrdə Azərbaycan xalqına qarşı mənəvi terror aktları həyata keçirilib.
Repressiya və terror aktlarına daha çox xalqın intellektual mülkiyyət sahibləri məruz qalıb. Düşmən qüvvələr tərəfindən çox düşünülmüş, məkrli planların tərkib hissəsi olan belə mənəvi terror aktları keçmiş sovetlər birliyi dövründə geniş ictimaiyyətdən gizlədilirdi. Həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi ermənilər idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub.
28 aprel 1920-ci ilin Azərbaycana gətirdiyi ağır repressiya və təlatümlərə qeyri azərbaycanlılar, xüsusilə ermənilər rəhbərlik ediblər.
İşgəncəyə, ölümə məruz qalan Azərbaycanın bəzi işıqlı insanları haqqında məqamlara nəzər salaq:
1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər “Müsavat” funksionerlərini “xalqa xəyanətdə”, “milli nifaq törətməkdə”, “torpaq və mülk zəbt etməkdə”, general-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş, hökm yerinə yetirilmişdir .
Liberman kabinetinə qayıdıb yanından heç vaxt ayrılmayan, milliyyətcə erməni olan Sarkis Danilyanın diktəsilə Firidun bəy haqqında saxta hökm yazdı:
Güllələnmə haqqında çıxarılmış qərar: Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda “Müsavat” partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyildir… Məttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər.
Qərara alınır: müttəhim Köçərlinski güllələnsin.
Təsdiq edirəm: 7№-li Xüsusi bölmənin rəisi Liberman
Təsdiq edirəm: Fövqəladə komissar H.Sultanov.
Salman Mümtaz
“Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilir və 8 oktyabr 1937-ci ildə Bakıdakı evində siyasi düşmən kimi həbs olunaraq, ağır işgəncələrə məruz qalır. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilir. Məhkəmədə əks-inqilabi millətçi təşkilata üzv olduğunu sübut etmək üçün B.Çobanzadə, Ə.Qubaydullin, R.Axundov və başqaları ilə qarşıdurmalar yaransa da, o, millətçi mövqedə olmadığını bildirir. Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunur. 1941-ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında Medvedski meşəsində güllələnir.
Tədqiqatçı alim Nəsiman Yaqublu “Ağrılı ömürlər” (Bakı, Yazıçı, 1990. səh. 121.) kitabında Salman Mümtazla bağlı maraqlı məqamlara aydınlıq gətirib. Müəllif yazırdı: Salman Mümtazın qızı Şəhla Mümtazzadə atasına baş çəkmək üçün 1938-ci ildə həbsxanaya gəlir. O, atasını görəndə dəhşətdən özünü itirir. Salman Mümtazın bütün dişləri tökülmüşdü, üz-gözündə şiş, göy vardı.
Digər bir mənbədə göstərlir. Osman Mirzəyevin tərtibatında çap olunan “Ağ ləkələr” kitabında (Bakı, 1991, səh. 93) yazırdı: “Salman Mümtazın qızı xatırlayır ki, atamla ailəsi ilə 15 dəqiqəlik görüş verdilər. Həmin görüşdə atam danışırdı ki, professor Çobanzadə və Qbeydulinin yalanlarına şahidlik edib üzümə durublar. Qbeydulina çox yaxşılığı keçmiş Salman Mümtaz professoru məzəmmət edir. Qbeydulin ona sarı atılıb kədərli bir səslə “məcburam Salman, məcbur eləyirlər, bacarmıram. Sonra nəzarətçilər professorun başına, ağzına təpiklə vuraraq, onu sürüyə-sürüyə aparırlar”.
Digər folklorşünas alim, professor Azad Nəbiyev Salman Mümtazın irsi ilə bağlı acı bir həqiqətə toxunmuşdur: “ S. Mümtaz ömrünün ən gözəl çağlarında, elmi və ictimai fəaliyyətinin genişləndiyi dövrdə repressiyaya məruz qalmış, onun arxivi, zəngin kitabxanası tonqallarda yandırılmışdır. Nəşr etdirdiyi əsərlərlərin bir qismi də sonradan müxtəlif müəlliflərlər tərəfdən mənimsənilmişdir”. ( Azad Nəbiyev “Folklor irsinə qayıdış”, “El şairləri” Bakı, 2005, səh. 3.)
******************
Əhməd Cavad
Tədqiqatçı Aslan Kənan “XX əsrdə repressiyaya məruz qalanlar” (Bakı–2011-ci il, səh. 10.) kitabında yazırdı: Ağır işgəncələrə, məşəqqətlərə dözə bilməyən yazıçı Daхili İşlər Komissarı Sumbatova ərizə ilə müraciət edir: ―…Proşu vaşeqo rasporojeniya uskorit sledstvie moyemu delu…‖. Artıq istintaqın dözülməz gedişatına tab gətirə bilməyən yazıçı müstəntiqin suallarına ―”doğru”, ―”düzgün” cavab verməyə razılıq verir. Müstəntiqlərin qarşılarına qoyduğu məqsəd yalnız istintaq işini nəyin bahasına olur-olsun tezliklə başa çatdırıb, məhkəməyə təqdim etmək idi. Bunun nəticəsi idi ki, məhkəmələrdə hər bir ―müttəhimə 15-20 dəqiqə müddətində hökm çıхarılırdı. Müəllif daha sonra yazır: “Ə. Cavad istintaqını aparan, vəhşiliyi, qansızlığı, rəhmsizliyi ilə məşhur olan DTK-nın baş leytenantı Qvozdevə 25 iyul 1937-ci ildə bütün ― “günahlarını“ etiraf etmək məcburiyyətində qalır.
******************
Türkologiyanın böyük fədaisi: professor Bəkir Çobanzadə
Türkologiya elminin böyük nümayəndəsi, Azərbaycan elminə mühüm töhfələr vermiş krım-tatar əsilli Bəkir Çobanzadə qanlı 1937-ci il repressiyasının qurbanı olub. Onu da qeyd edək ki, B. Çobanzadəyə sovet repressiya maşınının ağır ittihamları altında saxta istintaq yolu ilə ən ağr cəzaya məhkum edildikdən sonra onun yaxınları təqiblərə məruz qalır.
B.Çobanzadənin repressiya olunmasına dair material F.D.Aşnin, M. Nasilov və V. M. Alpatovun “Məhv edilmiş Türkologiya” əsərindən parçalardır. Həm aktuallığını nəzərə alaraq, həm də professor B.Çobanzadəni bir daha anmaq üçün həmin material dilimizə Bakı Dövlət Universitetinin dosenti İmanyar Quliyev çevirib.
Bundan əlavə professor Cəlal Qasımov “Birinci Türkoloji Qurultay: Şahidlər və Şəhidlər” kitabında yazırdı: “Çobanzadələr ailəsinə təzyiqlər getdikcə dahada artırdı. İş o yerə çatır ki, Krımda alimin yeganə sağ qalan bacısı Züleyxa qarşı təzyiqlər artır. Pedaqoji sahədə çalışan Züleyxa işdən çıxarırlır. Bütün bunlarla kifayətlənməyən NKVD alimin həyat yoldaşı Ruqiyyə xanımı da hədəfə almışdı”. (səh. 225) Belə faktları sayını xeyli artırmaq olar. Bütün bunlar 28 aprel 1920-ci ilin Azərbaycana gətirdiyi ağır repressiya və təlatümlərin çox cüzi hissələridir.
Azərbaycanın işıqlı insanlarını sıradan çıxarılması uzun illər davam edib.
Əkrəm Bəydəmirli