Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Sosial İnkişafda Yeni Mərhələ” İctimai Birliyi Qax və Zaqatala rayonlarında tədbirlər həyata keçirdi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Sosial İnkişafda Yeni Mərhələ” İctimai Birliyi fevralın 1-dən etibarən “Qızlar arasında təhsildən yayınma hallarının səbəblərinin öyrənilməsi və maarifləndirmə tədbirlərinin təşkili” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində aprelin 10-u Etibar Babayev adına Qax şəhər 4 №li tam orta məktəb və N.Hamısıahverdiyev adına Qax şəhər 2№-li məktəb-liseydə, aprelin 11-i isə Zaqatala rayon Yuxarı Tala kənd 4№-li tam orta məktəb və Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində şagird və tələbələrlə görüşlər keçirildi. Keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, rayon təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları, müəllim, şagird və tələbələr iştirak ediblər.
Tədbirlərdə giriş nitqi ilə çıxış edən layihə rəhbəri Seymur Əzəmmədov Qeyri-Hökumət Təşkilatlarına göstərilən diqqət, onların fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin timsalında Azərbaycan dövlətinə minnətdarlıq edib. Layihə rəhbəri bildirib ki, Azərbaycanın təhsil sahəsində ciddi nailiyyətlər əldə edilməkdədir. Bu nailiyyətlər təhsil sahəsində həyata keçirilən çoxsaylı layihələr, dövlətin bu sahəyə yönəltdiyi diqqət nəticəsində mümkün olub. Artıq bir fakta çevrilib ki, ölkənin təhsil sahəsində əldə edilən uğurlar, gənclərin yüksək biliyə yiyələnmə göstəriciləri ildən-ilə artmaqdadır. Məhz təhsil sahəsində əldə edilən uğurların nəticəsində, Azərbaycan gənclərinin sorağı dünyanın ən aparıcı və nüfuzlu elm ocaqlarından gəlir. Dövlətin bu sahəyə ciddi yanaşmasının nəticəsidir ki, hər il təhsil sahəsinə ayrılan vəsaitlərin həcmi artmaqda davam edir. Artıq təkcə paytaxtda deyil, respublikanın ən ucqar dağ rayonlarında müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərir. Həmin məktəblərdə yüksək səviyyədə təhsil əldə edilməsi məqsədilə hər cür şərait yaradılıb, müasir avadanlıqla təmin edilib. Təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir. Narahatedici məqam ondan ibarətdir ki, həmin problemlər təhsil sahəsində əldə edilən bütün uğurları gözdən salır. Özü də bunlar subyektiv səbəblərdən yaranan problemlər olduğundan onları aradan qaldırmaq elə də çətinlik yaratmır. Sadəcə, bunun üçün yaranmış mühiti aradan qaldırmaq kifayətdir ki, məktəblərdə normal tədrisi həyata keçirmək mümkün olsun.
Daha sonra layihə rəhbəri şagird və tələbələrə daha geniş məlumat verməsi üçün sözü təlimçiyə verdi. Təlimçi də öz növbəsində layihənin aktuallığı, məqsəd və vəzifələri haqqında geniş məlumat verdi.
Sonda hər bir tədbir iştirakçısına layihə çərçivəsində hazırlanmış buklet, dəftərxana ləvazimatları və üzərində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin loqosu və “Sosial İnkişafda Yeni Mərhələ” ictimai birliyin loqosu olan papaq və köynəklər paylandı.