Anasının sevgilisi ilə 20 il yaşadı – Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlar

Dünyaxeber.org Kulis.az-a istinadən  türkiyəli aktrisa Türkan Şoray haqqında maraqlı faktları təqdim edir.

Türkan Halit qızı Şoray 28 iyun 1945-ci ildə İstanbulda maddi imkanları məhdud ailədə anadan olub. Atası dəmir yolunda növbətçi işləyib. Anası Meliha Şoray isə evdar qadın olub.

Orta məktəb təhsilinə Rami Taş məktəbində başlasa da, daim bir yerdən başqa yerə köçdükləri üçün Türkan orta məktəbi 1956-cı ildə Feriköy orta məktəbində tamamlayır.

1954-cü ildə onun valideynləri boşanırlar. Türkan və digər bacı-qardaşları anası ilə birgə yaşamağa davam edirlər. Orta məktəbi başa vurandan sonra Türkan kirayə qaldıqları ev sahibinin qızı Emel Yıldızla tanış olur və onun köməyi ilə kino sahəsinə daxil olur.

Emel Yıldız həmin vaxt “Kənddə bir qızı sevdim” filmində baş rola çəkilir. Bir gün o, Türkanı da filmin çəkiliş meydançasına aparır. Burada o, filmin rejissoru Türker İnanoğlu ilə tanış olur. İnanoğlu baş rola Türkan Şorayın daha uyğun olacağına qərar verir. Beləliklə, 1960-cı ildə Türkan debütünü edir.

1960-cı illərin əvvəllərində Şorayın şöhrəti Türkiyəyə yayılmağa başlayır. Ard-arda filmlərə dəvət alır, kino adamları ilə tanış olur. 1964-cü ildə Metin Erksan tərəfindən çəkilən, Şoray və Ekrem Boranın baş rollarda oynadıqları “Acı həyat” filmi Şoraya ilk “Qızıl Portağal” mükafatını qazandırır. Bu filmdə manikürçü Nərmin rolu aktrisanın karyerasında əhəmiyyətli yer tutur.

Şöhrətinin artması ilə kişilərin diqqətini cəlb edən aktrisa günlərin birində film çəkilişi zamanı özündən xeyli böyük olan iş adamı Rüçhan Adlı ilə tanış olur.

Rüçhan Adlının Şorayın həyatında mühüm yeri olur. Ata məhəbbətindən, sevgisindən məhrum böyüyən aktrisa bu sevgi və qayğını Adlıda taparaq 20 il onunla birgə yaşayır.

Ancaq deyilənlərə görə, Gülsen İşer adlı jurnalist Müslüm Gürsesin xanımı haqqında yazdığı “Ömrüm boyu ağladım” adlı kitabında Rüçhan Adlının Türkan Şoraydan əvvəl onun anası Meliha Şoray ilə sevgi münasibətində olduğunu yazır.

Şorayın “sultan” olmasında və qanunlarının formalaşmasında Adlının böyük rolu olub. Adlı göndərdiyi gül buketlərinə bağladığı kartlarda və ya qoyduğu qeydlərdə Şoraya həmişə “Sultanım” deyə müraciət edirmiş. Bir müddət sonra həmin söz Şorayın ləqəbinə çevrilir.

1966-cı ildə Türkan bir-birinin ardınca çoxsaylı filmlərə çəkilir. Kinoteatrlarda ancaq onun eyni mövzuda çəkildiyi filmlər nümayiş olunur. Bu isə onun əleyhinə işləməyə başlayır. Aktrisa seçici davranmağa, çəkiləcəyi filmlərin müqabilində yüksək qonorar tələb etməyə başlayır. Ancaq bu da film istehsalçıları tərəfindən onun qara siyahıya salınmasına səbəb olur. Belə olan halda Şoray prodüserlərinin və menecerlərinin köməyi ilə 18 bənddən ibarət qaydalar formalaşdırır. Və təklif olunan hər bir ekran işi üçün bu qaydaları təqdim edir.

1977-ci ildə aktrisa Kadır İnanırla birgə “Selvi boylum, al yazmalım” adlı filmə çəkilir. Bu film aktrisanın karyerasında böyük rol oynayır.

1983-cü ildə aktrisa iyirmi il birlikdə yaşadığı Rüçhan Adlıdan ayrılır. Elə həmin ildə o, kino və teatr sənətçisi Cihan Ünalla ailə qurur. Bu evlilikdən onların Yağmur adlı qızları dünyaya gəlir. Ancaq dörd il sonra cütlük ayrılmaq qərarı verir.

Çoxları aktrisanın iyirmi il birlikdə olduğu Rüçhan bəyi sevdiyini iddia etsələr də, aktrisa verdiyi müsahibələrdə və açıqlamalarda qızının atasını sevdiyini hiss etdirib. Türkan Şoray müsahibələrinin birində deyir:

“Rüçhan bəy mənim üçün ata kimi idi, çünki o, məndən xeyli yaşlı idi. Cihan bəyin hər zaman ürəyimdə yeri var. Ölənə qədər də belə olacaq. Ən qiymətli varlığım olan qızım Yağmurun atasıdır Cihan bəy. Çox yaxşı atadır. Yağmurun bütün özəl günlərində bizimlə olub, hər zaman bir yerdə olmuşuq”.

Bəzi yerli mənbələrdə aktrisanın ata tərəfdən naxçıvanlı olduğu yazılır. Bu haqda o, müsahibələrinin birində deyir:

“Mənim ata tərəfdən əcdadım Naxçıvandandır. Azərbaycanlılar və türklər qardaş və bacılardır. Bizim kökümüz eynidir, dilimiz və dinimiz eynidir”.

77 yaşlı aktrisa karyerası boyu 222 filmə çəkilib. Dəfələrlə ölkədə və ölkədən kənarda çoxsaylı mükafatlar qazanıb. Türkiyə Cümhuriyyəti Dövlət Sənətçisi adını qazanıb. “Sinemam ve ben” adlı kitabın müəllifidir.