Xalq artisti Leyla Şərifova haqqında maraqlı faktlar.
Leyla Şərifova 22 iyun 1931-ci ildə Tacikistanda doğulub. Atası türkiyəli, anası azərbaycanlıdır. Leyla Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.
Bu ölkədə yaşayıb, boya-başa çatıb, səsinin gözəlliyi, yüksək ifa tərzi sayəsində Tacikistanın Xalq artisti adına layiq görülüb.
Onu yaşlı və orta nəsil azərbaycanlılar yaxşı xatırlayarlar. Keçmiş SSRİ-nin tərkibində olduğumuz ötən əsrin 80-ci illərində AzTV ekranlarından Leyla Şərifovanın canlı ifaları tez-tez səslənərdi. “Oxuyur Leyla Şərifova” təqdimatından sonra ekranda görünən ecazkar səsli, gözəl müğənninin o zaman azərbaycanlı deyil, tacikistanlı olduğunu bilənlər də vardı, bilməyənlər də.
***
Leyla Şərifova uzun müddət ölkəmizdə yaşasa da, bu gün onun haqqında məlumatlar, demək olar ki, yox dərəcəsindədir. Bəzi məlumatlara görə, vətəni Tacikistandan küsüb Bakıya gəlmiş Leyla Şərifovanın ikinci dəfə ərə getdiyi adam İran şahı Rza Pəhləvinin şəxsi həkimi, digər məlumatlara görə isə, şahın tərcüməçisi olub. Amma bu məlumatları təkzib edənlər də var.
Leyla Şərifova Bakıda bir müddət məşhur aktrisa Münəvvər Kələntərlinin evində yaşayıb. Bu barədə Səməd Kələntərli bibisi Münəvvər Kələntərli barədə xatirələrini danışarkən bildirib.
“Bibim Tacikistanda olanda oranın Xalq artisti Leyla Şərifovayla tanış olmuşdu. Münəvvər Kələntərli Bakıya qayıdandan bir müddət sonra Leyla xanım buraya gəlmişdi. Bakıya qonaq kimi yox, yaşamağa gəlmişdi. Tacikistandan acıq eləmişdi. Leyla Şərifova bir ilə yaxın bibimin evində qaldı. Münəvvər Kələntərli onu doğma balasından ayırmırdı. Sonralar Leyla Şərifova Almaniyada yaşayan zaman deyirdi: “Mənim orada bir anam var idi”.
***
Xalq artisti Flora Kərimova isə Leyla Şərifovanın Azərbaycana tamam başqa məqsədlə gəldiyini deyir:
“O, “Dan ulduzu” ansamblının ilk solisti olub. O zaman Leylanın səsinə, ifasına vurulmuşdum. İşvəli bir qadın idi və artıq Bakıya gələn zaman o, vətəninin xalq artisti idi. Düşündü ki, buraya gələndə “Azərbaycanın Xalq artisti” adını alar və ardınca da SSRİ Xalq artisti olar. Doğrudur, “Azərbaycan SSR-in Xalq artisti” adını ala bildi, amma SSRİ Xalq artisti ola bilmədi. Onun əvəzinə Zeynəb Xanlarova “Ermənistanın Xalq artisti” adını aldı və sonra SSRİ Xalq artisti oldu. Caduya-pitiyə çox inanırdı. Üstündəki sancaqlarda dualar olurdu. O, paltarını dəyişəndə üstündə xeyli dua olurdu. Tacikistanda belə şeylərə çox inanırdılar. Bir dəfə dualar barədə ondan soruşduq, dedi ki, “özümü qoruyuram”. Leyla xanım buraya gələrkən ona vəd vermişdilər, amma “SSRİ Xalq artisti” adını ala bilmədiyinə görə Bakıdan küsüb Almaniyaya getdi. Sonra bilirəm ki, Almaniyada konsert verməyə davam edirdi. Amma əvvəlki gözəlliyindən əsər-əlamət qalmamışdı”.
Tarzən Ramiz Quliyevin sözlərinə görə, yeni səs tembri, ifa tərzi ilə Azərbaycan mahnılarının vurğunu olan Leyla Şərifova qısa müddətdə diqqəti özünə cəlb edə bilmişdi.
“Bakıya gələn kimi Azərbaycan Televiziyasının Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı onu himayəyə götürdü. Azərbaycan Televiziyası ona xüsusi qayğı göstərdi. Onunla bərabər çıxışlara gedirdik. Bir neçə dəfə Respublika Sarayındakı konsertlərdə iştirak etdi. Daha sonra Gülarə Əliyevanın rəhbərlik etdiyi “Dan ulduzu” ansamblında çıxış etməyə başladı. Bu iki ansambl o xanımın sevilməyinə, inkişaf etməyinə yüksək səviyyədə təkan verdi. Çox yaxşı istedadı var idi”.
***
Leyla Şərifova Bakını çox sevib. Bu barədə danışanda tez-tez deyirmiş:
“Gərək Bakıda anadan olardım. Çünki burada yaradıcılıq üçün geniş şərait var. Tacikistanda yalnız milli geyimdə çıxış edirlər, amma sənət adamı burada həm milli, həm Avropa geyimləri geyinə bilir”.
Özünə diqqət edən xanım idi. Gec də olsa, xoşbəxtliyini Azərbaycanla bağlayırdı. Azərbaycan xalqından o qədər mehribanlıq görürdü ki, səhnədən düşmək istəmirdi. Qastrol səfərlərini çox sevirdi, Azərbaycan adını təmsil etməyi sevirdi.
***
Ancaq “Xatirə” xalq çalğı alətlərinin rəhbəri olan Adil Bağırovun sözlərinə görə, Leyla Şərifova qohumu olan əslən əfqanıstanlı bəylə ailə həyatı qurur. Bakıdakı köhnə “Moskva” mehmanxanasında toyları olur. Toylarından bir il sonra Leyla Şərifova həyat yoldaşının işi ilə əlaqədar Almaniyaya köçməli olur.
***
Başqa bir versiyaya görə isə müğənninin Bakını tərk etməyinə səbəb həyat yoldaşının qəfil ölümü olub. Leyla xanım bu itkidən sonra dərin böhran keçirir. Və həkimin məsləhəti ilə Bakıdan uzaqlaşmaq qərarına gəlir.
***
Ümumilikdə Bakıda səkkiz il yaşayan müğənni Almaniyada yaratdığı “Gülşən” mahnı ansamblına rəhbərlik edir. Eyni zamanda o, Almaniyadakı Əfqanıstan və İran diasporunun rəhbərlərindən biri sayılır.
***
2011-ci ildə Tacikistan prezidenti Emoməli Rahmon Almaniyaya səfər edərkən onu qarşılayanlar arasında Leyla Şərifova da olub. (Kulis.az)
Rubrika.Az