“Uşaqlarda immun sistem böyüklərlə müqayisədə nisbətən zəifdir. Bunun səbəbi immun sistemin tam formalaşmamasıdır. İlk 6-7 il immun sisteminin aktiv inkişaf etdiyi dövrdür. Bu yaşa qədər olan uşaqlar tez-tez xəstələnirlər, xüsusən də payız-qış mövsümündə”.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.
Mütəxəssis eyni zamanda uşaqlar arasında müşahidə olunan ürəkbulanma və qusmanın səbəblərini də açıqlayıb: “Mədə-bağırsaq xəstəlikləri, sidik yolları infeksiyaları, nevroloji xəstəliklər və zəhərlənmələr 60-70 faiz hallarda mədə-bağırsaq sistemi ilə əlaqədar olur. Qusma 24-48 saat ərzində əsasən keçib getməlidir. Keçmirsə, mütləq həkimə müraciət etmək lazımdır, çünki bu hal uşaqlarda su itkisinə səbəb olur. Digər ən önəmli məqamlardan biri də uşağın pəhrizinə fikir verməkdir. Ətli, yağlı, qızarmış yeməklərdən istifadə etmək olmaz. Asan həzm olunan qidalardan (meyvə, ayran, qatıq, buxarda bişirilən tərəvəzlər, çörək və s.) istifadə olunması tövsiyə olunur. Bu zaman az-az və tez-tez yemək daha yaxşıdır”.