Qaraciyərin orqanizmdəki vacib rolunu hamımız bilirik. Mədə-bağırsaq traktatından keçən qidalardakı komponentlər orqanizm tərəfindən mənimsənilmək üçün, əvvəlcə, bu orqanda emala məruz qalır. Həyati vacib maddələrin orqanizmin bütün hissələrinə çatması üçün qaraciyər dayanmadan işləyir.
Qaraciyər, həmçinin, orqanizmin təmizlənməsində də əhəmiyyətli rola malikdir. Yediyimiz yeməklərin, yaxud hansısa xəstəlik səbəbilə içdiyimiz dərmanların bəziləri orqanizmi əməlli-başlı zəhərləyə bilir. Qaraciyər məhz bu cür təhlükəli maddələri emaldan keçirərək daha az zərərli hala gətirir. Qeyri-düzgün qidalanma, alkoqol, viruslar qaraciyərin işinə mane olmaqla yanaşı, onu xəstələndirirlər. Buna görə də, orqanın sağlamlığı haqqında əvvəldən düşünmək yaxşıdır. Bunun üçün aktiv həyat tərzi keçirmək, zərərli vərdişlərdən imtina etmək, mənfi təsir göstərən qidaları rasiondan xaric etmək, faydalı məhsullara üz tutmaq lazımdır.
Qaraciyərə zərər verən qidalar.
Mənşəyi bilinməyən yağlar. Bu yağların tərkibində heyvan və bitki mənşəli yağlar, böyük miqdarda qida əlavələri var. Məhsulun əsas işlənmə istiqaməti sobada bişirilən yeməklər və ya şirniyyatlardır. Amma bu, düzgün deyil. Çünki bu zaman trans yağlar digər komponentlərin üstünü qabıq kimi örtür. Beləcə, həmin komponentlər orqanizm tərəfindən mənimsənilə bilmir. Trans yağları neytrallaşdırmaq üçün orqanizm “gərgin rejim”də işləməyə məcbur olur. Yaxşı olar ki, rasionunuzda marqarin əvəzinə təbii kərə yağı, yaxud zeytun yağı seçəsiniz.
Mənşəyi bilinməyən konservlər. Bu məhsullar, sözün əsl mənasında, qaraciyərin işinə mane olurlar. Onların tərkibində zərərli maddələr boldur. Yağ, sirkə və duz siyahının əvvəlindədir. Adətən, konservlərə normadan iki dəfə, dəfə yarım çox duz qatırlar. Mədə-bağırsaq traktatında problem olan insanlara bu məhsulların qəbulunu dayandırmaq tövsiyə edilir. Ürək-damar xəstəlikləri və sidik sistemi xəstəlikləri də konservlərin mənfi təsirindən öz “paylarını alır”. Məhsulların mütəmadi qəbulu xəsarətin həcmini artırır.
Yağlı yeməklər. Qaraciyərə, öd kisəsinə və öd suyunun fəaliyyətinə mane olan qidalar siyahısında yağlı yeməklər də var. Ona görə də, heyvan mənşəli, yaxud bitki mənşəli yağların qəbuluna nəzarət edilməlidir. Salo, kolbasa, kərə yağı, ördək və donuz əti, yağlı ət yaxud tərəvəz həlimləri, yarımfabrikatlar, piroqlar və bu kimi bir çox qidalar daha çox o zaman təhlükəli olur ki, qızardılsın. Yaxşı olar ki, bu qida məhsullarını sobada, buxarda, yaxud isti suda bişirərək yeyəsiniz. Kartof qızartması və çipsilərin yüksək miqdardakı qəbulu da məsləhət görülmür. Qızarmış kartof orqanizmə toksin daşıyır.
Qaraciyərə zərər verən qidalar.
Şəkər. Qaraciyərin sağlamlığını təhdid edənlərdən biri də şəkərdir. Faktiki olaraq, istənilən qida məhsulunda şəkərlə rastlaşmaq olur. Sousların, yarımfabrikatların, süd məhsullarının, çörəyin, vitrindəki şirələrin, tez hazırlanan səhər yeməklərinin, fərqli desertlərin tərkibində şəkər bol miqdardadır. Həddən artıq şəkər qəbulu qaraciyəri gücə salır. Gün ərzində nə qədər çox şirin qida qəbul etsəniz, orqanizm o qədər çox insulin ifraz edir. Artıq şəkərlərin yağa çevrilərək depolanması baş verir. Qaraciyərin hüceyrələrində qlükoza üçün hər zaman lazımi qədər yer olmur. Buna görə, şəkərin yağa çevrilməsi daha da sürətlənir. Bu, qaraciyərin yağlanması probleminin əmələ gəlməsində əsas faktorlardan biridir.
/sfera.az/