Paşinyandan Azərbaycanın maraqlarına uyğun tələb: Başqa sülhməramlılar gəlsin

Ermənistanın baş nazirinin sözlərinə görə, Rusiya sülhməramlı mandat almaq üçün BMT-yə müraciət etməlidir.

Ermənistan mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan hökumətin iclasında Rusiyanın Qarabağdakı sülhməramlı kontingentini Laçın dəhlizi boyu vəziyyətlə bağlı aydın izahat verməyə çağırıb.

Onun sözlərinə görə, “Dağlıq Qarabağ xalqı” qarşısında konkret öhdəliklər götürmüş Rusiya Federasiyası vəziyyəti necə dəyərləndirdiyini, dəhliz boyu hərəkətin bərpası üçün hansı planların və yol xəritəsinin olduğunu izah etməlidir.

“Bu, Ermənistan və Qarabağdakı cəmiyyətlərin Rusiyadan cavab gözlədiyi sualdır. Sizə xatırlatmaq istəyirəm ki, o, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür”, – deyə Ermənistanın baş naziri bildirib.

Bundan əlavə, Paşinyan hesab edir ki, əgər Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərdən Qarabağda “təhlükəsizliyi və sabitliyi” təmin edə bilmirsə, o zaman sülhməramlı kontingent üçün BMT mandatı almaq üçün BMT Təhlükəsizlik Şurasında müzakirəyə başlamalı və ya əlavə çoxmillətli sülhməramlı kontingent göndərilməlidir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası günlərdir davam edir.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların qanunsuz davranışı ucbatından monitorinq baş tutmayıb.   /Bizimyol.info/