Neçə gündür ki, media və müxtəlif sosial şəbəkələrdə “WhatsApp”da müəllimlərə səs ataraq hər birindən 50 manat tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıtdakı 32 saylı məktəbin sabiq direktoru Esmira İbrahimovanın Sumqayıt təhsil şöbəsində metodist vəzifəsinə təyin edilməsi və idarəetmə sistemində cəzalandırma metodunun niyə belə olması çox böyük müzakirələrə səbəb olmuşdur.
Bəs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, direktor vəzifəsindən çıxarılan bir şəxsin hər-hansı bir yaxın adamını onun yerinə düzəltməyə çalışmaq necə qanun pozuntusu sayılmır?”
DİA.AZ bildirir ki, bu barədə “Elm Və Təhsil Forumu” səhifəsində qeyd olunur.
İddia müəllifi daha sonra yazır: “Şamaxı rayon Təhsil Şöbəsinin gəlir mənbəyi sayılan İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinin direktorları uzun illərdir ki, məhz qan qohumluğuna əsaslanan insanlardan təyin edilir. Məktəbin daha əvvəlki direktorlarından biri olan Əlisahib Cəfərov rəhmətə gedəndən sonra, onun yerinə həmin məktəbdə idman müəllimi işləyən qardaşı oğlu Bəşir Cəfərov təyin edildi. Bəşir Cəfərov da eynilə əmisi kimi bütün orta təhsilli və orta ixtisas təhsilli ailə üzvlərini nəinki məktəbin işçiləri, hətta vəzifəli şəxsləri belə təyin etmişdi. O, ümumi orta təhsilli və kollec bitirən qızını məktəbin tədris hissə müdiri və təlim tərbiyə işləri üzrə direktor müavini, heç vaxt məktəbə ayaq basmayan gəlini Könül Cəfərovanı Uşaq Birliyi Təşkilatı rəhbəri, heç orta ixtisas təhsili belə olmayan yaxın qohumu Ziya Fətəliyevi təsərrüfat işləri üzrə direktor müavini təyin etmiş, eləcə də, digər qohum-əqrəbasına isə ixtisasından asılı olmayaraq müxtəlif fənlərdən dərs saatları vermişdi. Əlavə olaraq, bu məktəb uzun illər boyu digər rayonlarda məktəbə getmək istəməyən və adını saxta olaraq jurnal səhifələrinə yazdırmaq istəyən yuxarı sinif şagirdləri üçün əsl sığınacaq yeri olub. Bəşir Cəfərovun bu və digər saxtakarlıqları Təhsil Nazirliyinə edilən saysız-hesabsız müraciətlərdən sonra aşkarlandı və o qızı, gəlini və təsərrüfat müdiri ilə birlikdə tutduqları vəzifədən azad edildi.
Elə hər şey də bundan sonra başladı. Vəzifəsindən etdiyi saysız-hesabsız qanun pozuntularına görə deyil, öz ərizəsi əsasında azad edilən Bəşir Cəfərov yenidən məktəbin direktor vəzifəsinə geri qaytarılması üçün rayonun sabiq təhsil şöbə müdiri olan Eyvaz Eminalıyevə müraciət etmiş, ona çox böyük məbləğdə pul verərək ya yenidən özünün, ya da ixtisasca idman müəllimi olan oğlu Çingiz Cəfərovun (UBR rəhbəri Könül Cəfərovanın həyat yoldaşı) həmin vəzifəyə təyin edilməsini istəmişdi. Eyvaz Eminalıyev isə müvəqqəti olaraq məktəb yad əllərə keçməsin deyənə Bəşir Cəfərovun digər təşkilatçı müavini olan Gülmirə Əlsöhbətovanın əvvəlcə təlim-tərbiyə işləri üzrə direktor müavini, daha sonra isə direktor səlahiyyətlərini müvəqqəti əvəz etməsinə nail olmuşdu.
Şamaxı rayon ziyalılarının verdiyi məlumata görə yaşı 70-dən yuxarı olan sabiq direkor Bəşir Cəfərov rəhmətə gedəndən sonra öz yerinə direktor təyin etmək istədiyi oğlu Çingiz Cəfərov təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevin yanına gəlmiş, atasının onu məktəbə direktor təyin etmək üçün ona verdiyi şirinliyi geri qaytarmasını tələb etmişdi. Eyvaz Eminalıyev isə ona veriləni rayon icra hakiminin sabiq hümanitar-siyasi əlaqələr üzrə müavini Gülnisə Ələkbərovaya verdiyini, Gülnisə Ələkbərova isə ona çatan hissəni xərclədiyini söyləmişdi. Atasının verdiyi pulun geri qaytarılmasının çətin olacağını görən oğlu Çingiz Cəfərov icra hakimi Tahir Məmmədovun qəbuluna gəlmiş və atasının təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyevə verdiyi pulun ona geri qaytarılmasını xahiş etmişdi. Məhz bundan sonra təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, eynilə məktəbin direktoru Bəşir Cəfərov kimi öz ərizəsi əsasında tutuğu vəzifədən azad edilmişdi. O, əksinə, mükafatlandırılaraq, bir neçə gün sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı rayon filialına kafedra müdiri təyin edilmişdir.
Hələ bütün bunlar azmış kimi, adı çəkilən həmin məktəbdə direktor səlahiyyətlərini müvəqqəti həvalə edən əvvəlki təşkilatçı müavin Gülmirə Əlsöhbətova direktorun müavin qızını öz yerinə, yəni təşkilatçı müavin vəzifəsinə təyin etmişdi. Gülmirə Əlsöhbətova Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırovun direktorun qızının vəzifədən çıxarılma əmrini oxuyan zaman: “Eşqi Bağırov özü İnsan Resursları Cəmiyyətinin rəhbərliyini saxta olaraq öz üzərinə götürüb və demək olar ki, gözdən düşüb.Onun belə bir sənədi verməyə ixtiyarı yoxdur” deyərək onu təhqir etmişdir.
Bütün baş verən bu və qeyd edilməyən digər qanun pazuntularına baxmayaraq, bu məktəbə 4 il müddətində kənardan direktor göndərilmədi. Dörd il müddətində məktəbin direktor səlahiyyətləri əvvəlki direktorun bütün saxtakarlıqlarına, özbaşınalıqlarına, qanun pozuntularına şərik olan çox yaxın qohumu və müavini olan Gülmirə Əlsöhbətovaya həvalə edildi. Gülmirə Əlsöhbətova da bu dörd il müddətində belə əvvəlki direktor kimi qanunsuz əməllərini davam etdirdi. O, hətta, həmin müddət ərzində 12 saat fizika dərsini belə öz əlinə keçirtməkdən ötrü məktəbə Təhsil Nazirliyi tərəfindən göndərilən fizika müəlliməsini insanlığa yaraşmayan qəddar və çirkin əməllərlə bezikdirərək, özxoşuna məktəbdən çıxıb getməsinə nail oldu. Özü isə bir gün belə fizika dərsi keçmədi.
Gülmirə Əlsöhbətova hazırda da, məktəbin həm əsas, həm də ikinci xarici dil kimi keçilən ingilis dili dərslərinin demək olar ki, hamısını (6 saatdan başqa) sabiq direktorun ümumi orta təhsilli və kollec bitirən digər gəlini Natavan Cəfərovaya həvalə edib. O, dərs müddətinin iki ayının başa çatmasına baxmayaraq, hələ də məktəbə ali təhsilli ingilis dili müəllimin göndərilməsini ləngidir. İngilis dili fənni üzrə dövlət tərəfindən ayrılan dərs saatlarının çox hissəsi keçilməyə-keçilməyə yazılır. Dövlət büdcəsindən saxta maaş çıxarılır.
Sonda isə, fikrimi əvvəldə qeyd edildiyi kimi, bir cümlə müraciətlə tamamlamaq istərdim: “Azərbaycanda idarəetmə sisteminin cəzalandırma metodu” belə olur?”