Ağstafada Zəfər Forumu keçirilib – YENİLƏNİB

Oktyabrın 7-dən etibarən start götürən Zəfər Forumunun növbəti ünvanı Ağstafa rayonu olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarını təmsil edən şəhid ailələrinin, mübaribə iştirakçılarının, şəhər və rayon fəallarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan Forum Ağstafa Aqrar Sənaye Kompleksində keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və digər rəsmi qonaqlar iştirak ediblər.

Qonaqlar tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər xiyabanını ziyarət ediblər.

Forum Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə işə başlayıb.

Tədbiri giriş sözü ilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov açaraq növbəti Zəfər Forumunun Ağstafada keçirilməsindən məmnunluq duyduğunu bildirib.

O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət nümunələrindən söhbət açıb.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək Müzəffər Ali Baş Komandanın Vətən müharibəsində göstərdiyi əzm, səbr və gücün xalqımıza ruh yüksəkliyi bəxş etdiyini vurğulayıb.

Vətən müharibəsinin qələbəsinin Azərbaycan xalqının birliyinin Zəfər simvolu olduğunu deyən V.Quliyev Prezident İlham Əliyevin diplomatik cəbhədə də ölkə maraqlarını məharətlə və qətiyyətlə müdafiə etdiyini qeyd edib.

O, Zəfər Forumlarının bütün ölkəni əhatə edəcəyini, qazandığımız Zəfər haqqında yerlərdə insanların, xüsusilə gənc nəslin illər keçdikdə daha dolğun məlumatlanmasına şərait yaradılacağını bildirib. Sektor müdiri qeyd edib ki, haqqın şanlı zəfərinə möhür vurmaq hər xalqa, hər dövlətə və hər Prezidentə – Ali Baş Komandana nəsib olmur.

Forumda iştirak edən rayonlardan gələn Milli Qəhrəman valideynlərinin, şəhid ailələrinin və müharibə iştirakçılarının çıxışları dinlənilib.

Tədbirdə hərbi vətənpərvərlik musiqiləri ifa olunub, Vətən müharibəsinə aid səhnələr nümayiş etdirilib.

Sonda forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət edilib, onlar xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiramlarını bildiriblər.

Xatırladaq ki, növbəti forumlar Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.

13.57

Prezident Administrasiyasının (PA) dəstəyi, Müdafiə Nazirliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağstafa rayonunda Zəfər Forumu keçirilir.

“Report”un Qərb bürosunun məlumatına görə, forumda PA-nın Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, PA-nın məsul əməkdaşı Əli Pənahov, Müdafiə Nazirliyinin nümayəndələri və Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarından olan idarə və təşkilatların təmsilçiləri iştirak edirlər.

Forum Aqrar Sənaye Kompleksinin tədbir zalında keçirilir.

Qeyd edək ki, Zəfər Forumu bundan əvvəl oktyabrın 18-də Gəncə şəhərində keçirilib.

Növbəti forumlar isə Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.