Namizəd Səfərov: “Məhkəmə-Hüquq Şurası fəaliyyətdə olduğu 4 il ərzində qanunlara əməl etməyə çalışan hakimləri cəzalandırmaqla məşğul olub”
Bəhruz Bayramov: “Ölkədə ədalətli, obyektiv məhkəmə sisteminin olmasını demək absurddur“
“Hürriyyət”in ötən sayında “Məhkəmə-hüquq sistemində islahatlar niyə fayda vermir?” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda qeyd etmişdik ki, Prezident İlham Əliyev 2019-cu ilin aprelində “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman versə də, bu sahədə ölkədə hələ də bir çox nöqsanlar mövcuddur. Halbuki, 3 il əvvəl ölkə başçısının imza atdığı məlum fərmanda “Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir”, – deyə vurğulanırdı.
Xatırladaq ki, bu günlərdə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının 44 Avropa ölkəsi və üç müşahidəçi dövlətin məhkəmə sistemlərindəki əsas tendensiyalara dair hesabatında da Azərbaycanda hüquq sahəsində bir çox neqativlərin olduğu sadalanırdı. Biz də məhz bu hesabata əsasən belə qənaətə gəlmişdik ki, Azərbaycanın məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı görülən işlər hələ istənilən səviyyədə deyil. Yazının sonunda isə bu barədə yerli hüquq müdafiəçilərinin nə düşündüyü, 3 il əvvəl Prezident İlham Əliyevin imza atdığl məlum fərmandan sonra ölkədə nə kimi müsbət irəliləyişlər əldə edildiyi və məhkəmə-hüquq sistemində hansı çatışmazlıqların olduğu haqda suallara cavab tapmağa çalışacağımızı bildirmişdik. Beləliklə, qeyd etdiyimiz suallara tanınmış hüquqşünas Namizəd Səfərov və tanınmış vəkil Bəhruz Bayramovla söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
Namizəd Səfərov
Namizəd Səfərov hesab edir ki, əslində, mövcud mürtəce hüquq sisteminin dəyişdirilməsi üçün xüsusi bir sərəncama da ehtiyac var: “Lakin bu sərəncam indiyə kimi mövcud olmuş mürtəce qanunvericiliyi dəyişdirmək məqsədi daşımalıdır. Hamı bilir ki, qüvvədə olan bu normalar Avropa standartlarına uyğun gəlmir. Buna görə də etapla yox, birdən-birə bu normaların, bu sistemin yenidən qurulması zərurəti meydana çıxır. 3 il əvvəl prezident fərman verib ki, dərin hüquq islahatları keçirilsin. Çox təəssüf ki, bizdə “hüquq islahatları” adı ilə indiyə kimi mövcud olan mütərəqqi normalar ləğv olundu, əvəzinə mürtəce hüquq normaları qəbul edildi. Bu proses də bu günə qədər eyni qaydada davam edir. Məhkəmə-hüquq sistemi ilə məşğul olan, məsələn, Milli Məclisin Hüquq komissiyası, Ədliyyə Nazirliyi lupa ilə, mikroskop vasitəsilə qanunvericiliyimizdə harada demokratik, mütərəqqi, Avropa standartlarına uyğun bir norma tapırsa, dərhal onu Milli Məclisə çıxarıb ləğv edir, daha mürtəce, xalqı daha çox əzə bilən normalar qəbul edirlər. Bunun da adını qoyurlar ki, bizim ölkədə hüquq islahatları gedir”.
Hüquqşünas deyir ki, ümumiyyətlə, Azərbaycanda Məhkəmə-Hüquq Şurasına ehtiyac yoxdur: “Məhkəmə-Hüquq Şurası üzvlərinə, o qurumun fəaliyyətinə ehtiyac yoxdur. Hərə öz işini görməlidir, hakimlər qanunvericiliyin normalarına əməl etməlidirlər. Bu normaları pozduqları halda, Ədliyyə Nazirliyinin indiyə kimi mövcud olan müəyyən strukturlarında, Ali Məhkəmədə həmin hakim barəsində iş açıla bilər. Bunun üçün Məhkəmə-Hüquq Şurasının yaradılmasına ehtiyac yoxdur. Çünki belə bir Şura əvvəllər də mövcud olmayıb. Lakin indi əgər yaradıblarsa, bu Şuranın özünün vəzifələri varsa, qanunları kobud surətdə pozmuş hakimlər haqda intizam işləri aça bilərlər. Əgər bunu istəyirlərsə, siyasi iradə varsa. Lakin Məhkəmə-Hüquq Şurasının fəaliyyətdə olduğu 4 il ərzində baş verənlər göstərir ki, əksinə, bu Şurada normal işləyən, qanunlara əməl etməyə çalışan hakimləri cəzalandırmaq sistemi yaradılıb. Hamı açıq görür ki, öz fəaliyyətlərində qanuna əməl etmyən, siyasi sifarişli hökm və qərarlar çıxaran hakimlərə “gözün üstə qaşın var” deyən yoxdur. Əksinə, onlara imkan verirlər ki, daha da azğınlaşsınlar. O hakimlər ki vicdanının səsinə qulaq asır, imkan daxilində ədalətli qərarlar çıxarmağa çalışır, siyahı üzrə cəzalandırılanlar məhz onlar olur”.
N.Səfərovun fikrincə, Azərbaycanda məhkəmələr tam şəkildə müstəqil olmalı və Ədliyyə Nazirliyindən asılı vəziyyətdə qalmamalıdır: “Hamı Azərbaycanda hakimlərin, məhkəmə sisteminin müstəqil olmadığını bilir. Ədliyyə Nazirliyi “uzurpator”a, yəni “işğalçı orqan”a çevrilib. Oradan, yaxud Prezident Aparatından verilən istənilən göstəriş, əmr bütün məhkəmələr tərəfindən icra olunur. Həmin sifarişlərə uyğun qərarlar, qətnamələr çıxarılır. Kağız üzərində məhkəmələr Ədliyyə Nazirliyinə tabe deyil, amma reallıqda bütün məhkəmə sistemi Ədliyyə Nazirliyinə və icra hakimiyyətinə tabedir. Qanun tələb edir ki, Ədliyyə Nazirliyi məhkəmə sistemindən uzaqlaşdırılsın. Ədliyyə Nazirliyi idarəçiliyi aparmalıdır, hüquq islahatlarının aparılması, qanunvericilik normalarının qəbul edilməsi, araşdırılma ilə məşğul olmalıdır. Məhkəmələrin fəaliyyətinə nəzarət etməməlidir”.
Tanınmış hüquqşünas bu düşüncədədir ki, ölkəmizdə məhkəmə-hüquq sistemində vəziyyət getdikcə daha da pisləşir: “Bu gün məhkəmə-hüquq sistemi elə bərbad haldadır ki, məhkəməyə işi düşən istənilən vətəndaşdan, cinayət məsuliyyətinə cəlb olunan adamlardan soruşsanız, məhkəmənin işindən narazılıq edəcəklər. Məhkəmənin işlərini düzəltmək üçün heç bir yeni, demokratik addımlar atılmır. Proses günü-gündən pisliyə doğru gedir. Mən də məhkəmələrin işindən tam narazıyam. Çünki qanuna əməl olunmur, ədalət gözlənilmir, qərarların arxasında duran yoxdur, hakimdən soruşan yoxdur ki, bu nə qərardır çıxarmısan? Açıq-aşkar qanuna, ədalətə, həqiqətə zidd, insanların hüquq və vəzifələrini kobud şəkildə pozan qərarlar çıxarırlar. Üstəlik, bu qərarlar Apellyasiya Məhkəməsi, Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılır. Statikstikaya görə məlum olub ki, 10 milyon əhalisi olan Azərbaycandan Avropa Məhkəməsinə nə qədər şikayətlər gedir. Soruşmaq lazımdır ki, əgər sənin ölkəndə ədalətli məhkəmə qərarları çıxarılırsa, hüquq sistemi düzgün işləyirsə, nə üçün Avropa Məhkəməsinə bu qədər şikayət gedir? Avropa Məhkəməsi Azərbaycandan gedən şikayətlər altında boğulmaqdadır”.
Namizəd Səfərov vurğuladı ki, hazırda Azərbaycanda hüquqi müdafiə sistemi də inhisara alınıb: “Yəni müdafiəçilər Vəkillər Kollegiyasının və Ədliyyə Nazirliyinin inhisarındadır. Ədliyyə Nazirliyinə şikayət edəndə yazır ki, biz vəkillərin işinə qarışa bilmərik. Guya ki, o “müstəqil qurum”dur. Bilirik ki, Apellyasiya Məhkəməsi və Ədliyyə Nazirliyi Vəkillər Kollegiyası üzərində tam nəzarət həyata keçirir. Yəni bu gün vəkillərin müdafiə sisteminin müstəqilliyi barədə danışmaq gülüncdür. Azərbaycanda 2500-ə qədər vəkil fəaliyyət göstərir. Bunların içərisində normal, peşə fəaliyyətinə vicdanla yanaşan 100-200 vəkil tapa bilsəniz, bu, böyük bir göstərici olar”.
Bəhruz Bayramov
Tanınmış vəkil Bəhruz Bayramov da hesab edir ki, Prezidentin məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqda fərmanına əməl olunmur: “Prezidentin məhkəmə-hüquq islahatları haqqında fərmanı var idi. Hesab edirəm ki, qeyri-qənaətbəxşdir, ekzotik xarakter daşıyır. Get-gedə də vəziyyət lap pisləşir. Daha çox qanunsuz qərarlar çıxarırlar. Cinayət işlərindən ümumiyyətlə danışmaq olmaz. Çox nadir hallarda ədalətli hökm çıxarırlar. Mülki işlərdə də ötəri xarakter daşıyır. Yəni biz desək ki, bu gün məhkəmə sistemi real olaraq tam ədalətlidir, obyektiv qərarlar, qətnamələr qəbul edilir, obyektiv məhkəmə prosesləri aparılır, bu, tam yalan və qeyri-səmimi olar. Elə son dövrlər mənim başıma gələn məsələləri də xatırlamaq olar. Yəni ədalətsiz qərarlar çoxdur. Ötəri xarakter daşıyır. Yüksək səviyyədə ədalətli, obyektiv məhkəmə sisteminin olmasını demək absurddur“.
B.Bayramov deyir ki, Ədliyyə Nazirliyi məhkəmələrə nəzarət etməməlidir: “Ədliyyə Nazirliyinin öz funksiyaları var, hakimlərin fəaliyyətinə, iltizamların icrasına, hakimlərin təyinat məsələlərinə baxır. Ədliyyə Nazirliyi qanunla məhkəmələrə nəzarət etmir, məhkəmələr müstəqildir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, hakimlər müstəqildir. Amma bu müstəqilliyi biz görə bilmirik. Hakimlərin verdiyi qərarlar, şikayətlər onu deməyə əsas verir ki, heç bir müstəqillikdən söz gedə bilməz“.
Vəkil bildirdi ki, ölkədə məhkəmə-hüquq sistemi kökündən dəyişməlidir: “Elə bir sistem qurulmalıdır ki, hakim özünü müstəqil hesab etsin, müstəqil qərar qəbul etsin. Ona yuxarı instansiyalardan, yaxud sədrin özündən təzyiq, tapşırıq olmasın. Hakim özünü müstəqil hesab etməlidir. Bunun üçün də sistem dəyişməlidir. Sistem elə formalaşdırılmalıdır ki, hakim özünü müstəqil hesab etsin. Müstəqil fikri olsun, müstəqil qərar çıxarsın“.
“Bəs sistemi necə dəyişmək lazımdır“ sualına isə Bəhruz Bayramov belə cavab verdi: “İslahatlar heç bir nəticə vermir. Yüz faiz dəyişikliklər lazımdır. Dəyişiklik görüntü xətrinə olmamalıdır. Dəyişiklik real olmalıdır, real nəticələrə gətirib çıxarmalıdır. Bu da hakimlərin müstəqilliyindən keçir. Hakim özünü müstəqil hesab etməlidir ki, bəli, mən müstəqiləm. Bunun üçün də istək olmalıdır. Korrupsiya və digər neqativ hallar aradan qalxmalıdır. Yanaşma tərzi real olmalıdır. Görüntü xatirinə olmamalıdır. Məhkəmə sədrləri məhkəmənin və hakimlərin işlərinə müdaxilə etməməlidirlər. Ədliyyə Nazirliyi, yuxarı instansiyalar, məhkəmə sədrləri hakimin işinə qarışmamalıdır. Amma elə məhkəmə prosesləri var ki, gedib sədrə məruzə edirlər. Yaxud cinayət işi üzrə məhkəmə hakimlərinin mövqeyi dövlət ittihamçısından, prokurordan asılı olur“.
Bəhruz Bayramov onu da qeyd etdi ki, hakimlərin cəzalandırılma mexanizmi də ədalətli olmalıdır: “Bir-iki nəfəri cəzalandırmaqla məhkəmə sistemini düzəltmək olmur. Cəzalandırma da obyektiv, ədalətli olmalıdır. Hakim hiss etməlidir ki, onun çıxardığı qərara, hökmə, qətnaməyə görə sabah cəzalana bilər“.
Hazırladı: Ülviyyə ŞÜKÜROVA