Bakıda ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu keçirilib

İyulun 8-də Beynəlxalq Muğam Mərkəzində ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forum Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Azərbaycan Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.

Forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, hər iki təşkilatın rəhbər heyəti, ölkə üzrə bütün filiallarının sədri, digər qeyri-hökumət təşkilatlarının sədrləri, ağsaqqallar və veteranlar iştirak ediblər.

Forumun keçirilməsində məqsəd ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lərin aktivliyini artırmaq, onlar arasında əməkdaşlığı gücləndirmək, milli maraqlarımızın qorunması və təbliğində gənc nəslin veteran və ağsaqqalların təcrübəsindən, dünyagörüşündən faydalanmasına stimul vermək, dövlət maraqlarımızın müdafiəsində cəmiyyətdəki birlik və bərabərliyin daha da güclənməsinə nail olmaqdır.

Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək ağsaqqalların və veteranların cəmiyyətdəki roluna diqqət çəkib, onların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın genişlənməsinin zəruriliyinə toxunub. Vüsal Quliyev qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də cəmiyyətimizdə ağsaqqal sözünə, məsləhətinə ehtiyac var: “Ağsaqqallar öz dünyagörüşündən, həyat və mübarizə təcrübəsindən istifadə edərək gənclərə yol göstərməli, onların milli maraqlarımız, Vətənin və xalqın mənafeyinə naminə daha sıx birləşməsini təmin etməlidir. Bunun üçün ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lər arasında əməkdaşlığın güclənməsi, onların ictimaiyyətlə təmaslarının daha da genişlənməsi, bu qurumların gənclərlə daha aktiv iş aparmasına ehtiyac var”.

V.Quliyev ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lərin cəmiyyətimizi narahat edən bir sıra problemlərin həllində fəallıq nümayiş etdirməsinin əhəmiyyətinə də toxunub: “Bu gün ölkəmizin müxtəlif bölgələrində məişət zorakılığı, qızların təhsili, erkən nikahlar və s. problemlərlə mübarizədə ağsaqqallarımız və veteranlarımız fəal rol oynamalı, geniş maarifləndirmə və təbliğat işi aparmalıdırlar. Göstərilən məsələlər yerlərdəki təşkilatların fəaliyyətində prioritet olmalıdır”.

Şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara dövlət tərəfindən daim qayğı və diqqət göstərildiyini qeyd edən sektor müdiri, bu siyasətin bundan sonra da davam edəcəyini bildirib. Vüsal Quliyev qeyd edib ki, şəhid ailələri və veteranlarla bağlı qeyri-hökumət təşkilatlarının da öz işini genişləndirməsi, fəaliyyətlərini günün tələbləri səviyyəsində qurması zəruridir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyev çıxışında Azərbaycan milli mentalitetinə uyğun olaraq ağsaqqalların cəmiyyətdə böyük nüfuza sahib olduğunu xatırladıb, onların veteranlarla birgə fəaliyyətinin əhəmiyyətinə toxunub. Bildirib ki, həm ağsaqqallar, həm də veteranlar gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların fəaliyyətinin milli maraqlarımız zəminində təşkilində öz rollarını artırmalı, daha mütəşəkkil və koordinasiyalı fəaliyyət ortaya qoymalıdırlar.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova cəmiyyətin bütün təbəqələrinin dövlətə, onun Prezidentinə dəstək olmasının vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, bu məsələdə həm ağsaqqallar, həm də veteranlar aktiv olmalı, gənclərə yol göstərməli və onlar üçün nümunə olmalıdırlar.

Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov indiki dönəmdə həm ağsaqqalların, həm də veteranların üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Polkovnik vurğulayıb ki, dövlətimizə, xalqımıza qarşı müxtəlif təxribatların davam etdiyi bir zamanda həm ağsaqqallar, həm də veteranlar koordinasiyalı fəaliyyət ortaya qoymalı, cəmiyyəti milli maraqlarımızın müdafiəsində səfərbər etməlidirlər.

Cəlil Xəlilov çıxışının sonunda forumun keçirilməsinə verdiyi dəstəyə görə Beynəlxalq Muğam Mərkəzinə öz təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən ağsaqqallar və veteranlar forumun əhəmiyyətindən söz açaraq hər zaman olduğu kimi bundan sonra da dövlətə, onun Prezidentinə dəstək verəcəklərini vurğulayıblar.

Sonda vətənpərvərlik mövzusunda mahnılar ifa edilib.