“Şəhidlər ölməz, Vətən bölünməz” kitabının təqdimatı keçirildi-FOTOLAR

Zəfər tariximizin yaratdığı reallıqlar və müasir dövrün çağrışlarına uyğun olaraq gördüyümüz bu işlərin nəticəsində çap olunmuş,  Xəzər rayonunun Şəhidlərindən bəhs edən  “Şəhidlər ölməz, Vətən bölünməz” kitabının təqdimatı20 may saat 14-də Xəzər rayonunda Gənclər evində  keçirildi.

Tanınmış ictimai xadim, şair, puplisist Fəxrəddin Meydanlı tədbiri açaraq, şəhidlərimizlə bağlı belə tədbirlərin keçirilməsi zərurətindən danışdı və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra çıxış edən kitabın müəllifi Əkrəm Bəydəmirli bildirdi ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizə postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin töhfəsi” layihəsi çərçivəsində   33 Şəhidimizdən  bəhs edən  “Şəhidlər ölməz, Vətən bölünməz” kitabını çap etdirmək qürurvericidir. Belə layihələr gələcəkdə davamlı olaraq həyata keçirilməlidir.

Tədbirə qatılan Xəzər rayon icra hakimiyyətinin şöbə müdiri Teymur Həşimov  “Şəhidlər ölməz, Vətən bölünməz” kitabının çap olunmasını və belə geniş təqdimatının keçirilməsini müsbət dəyərləndirərək bildirdi ki, Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan addımlar cəmiyyətdə vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsinə xidmət edir. Belə kitablar davamlı olaraq nəşr olunmalıdır.

Digər  çıxış edənlərdə belə layihələri və nəşrləri müsbət dəyərləndirdilər. Şəhid  Ramil Yusifzadənin anası Reyhan xanım orta məktəbdə işlədiyini, istər məktəb daxilində, istərsə də digər məkanlarda bu kitabın geniş yayılmasına çalışacağını bildirdi. Şəhid anası daha sonra qeyd etdi ki, bu kitab Şəhid anaları üçün əvəzsizdir. Mənim kitabxanamın ən dəyərli kitabı olacaq.

Tədbir zamanı Şəhidlərimizə həsr olunan gənc istedadlıların ifasında musiqi və şeirlərdən ibarət kompazisiya təqdim olundu.

Fact-info.az