Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən şəxslərin vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətni davam etdirir.
Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin aprel ayında 9 hadisə nəticəsində 10 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır. Nəticədə bir mülki şəxs piyadalar əleyhinə minanın partlamasından həlak olmuşdur. İkisi uşaq olmaqla altı mülki şəxs və üç hərbçi isə piyadalar əleyhinə mina və partlamamış hərbi sursatların partlamasından yaralanmışdır.
2022-ci ilin aprel ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Tət-tər, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Qazax, Laçın rayonlarının və Gəncə şəhərinin ərazisində baş vermişdir.
Ümumilikdə 2022-ci ilin ilk dörd ayında 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınmışdır ki, bunlardan da 2 nəfəri həlak olmuşdur.
Bütün rəsmi strukturların və vətandaş cəmiyyəti təsisatlarının mütamadi çağırışlarına baxmayaraq hələ də işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edənlər var və bununla da öz həyatlarını riskə atırlar. Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi növbəti dəfə mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər və partlamamış hərbi sursatlara toxunmasınlar.
Hafiz Səfixanov
Minalar Əleyhinə Azərbaycan Kampaniyası
İctimai Birliyinin Sədri
tel: 050 347 6590