Hikmət Hacıyev: “Diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoyuldu” – VİDEO

“Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoyuldu. Bu vəzifə və tapşırıqların ən vacib istiqamətlərindən biri məhz ölkəmizə qarşı aparılan bəzi təxribat və çirkin təbliğatların qarşısının alınması, Azərbaycan həqiqətlərinin daha aktiv şəkildə diaspor təmsilçiləri vasitəsilə onların çalışdıqları, yaşadıqları ölkələrdə geniş ictimai zümrələrə təqdim olunması və azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha da aktiv rol oynamalarıdır”.

“Report”un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Vətən müharibəsi dövründə aparılan siyasətimizə və diaspor təşkilatlarımızın fəaliyyətinə baxdıqda məmnuniyyətlə qeyd edə bilərik ki, bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin qoyduğu tapşırıqlara uyğun olaraq ciddi irəliləyişlərimiz olub. Yenə də qarşımızda yeni tapşırıqlar var. Çünki biz postmünaqişə dövründəyik və erməni lobbi təşkilatları, onların bəzi havadarları tərəfindən, ümumiyyətlə, Azərbaycana qarşı davamlı surətdə çirkin təbliğat və kampaniyalar aparan müxtəlif dairələr tərəfindən yenə də ölkəmizə qarşı bu niyyətlər davam etdirilir. Bu səbəbdən diaspor təşkilatlarımızın üzərinə yeni tapşırıqlar və vəzifələr düşür ki, onlar daha da koordinasiyalı şəkildə və sıx birləşərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırsınlar”, – o bildirib.

Source link