Bu barədə”Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinindən saytımıza daxil olan press-relizdə məlumat verilir. Məlumatda bildirilir ki, “ Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, layihənin rəhbəri Güllü Eldar Tomarlı layihənin həyata keçirilməsinə maliyyə dəstəyi verən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirib, tədbir iştirakçılarını layihə barədə məlumatlandırıb. Görkəmli şairimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra layihə rəhbəri çıxışına davam edərək deyib ki, Azərbaycan poeziyasının adı qürurla anılan nümayəndələrindən biri də üzü nurlu xalq şairimiz Mirvarid xanım Dilbazidir. Poeziyaya bağlı öz ömrünü ədəbiyyatlmızın daha da zənginləşməsinə həsr edən Mirvarid Dilbazi özündən sonra çox zəngin irs qoyub. Onun şeirləri milli-mənəvi dəyərlərimizin halal mayasından qidalanmış və müəllifə böyük şərəf gətirmiş, el məhəbbəti qazanmışdır.
Mirvarid xanımın dillər əzbəri olan neçə-neçə şeirinə musiqi əsərləri yazılmış, mahnılar bəstələnmişdir.
Onun uşaq şeirləri, nağılları körpələrimizə layla əvəzi olmuşdur.
Mirvarid Dilbazinin tərcümələri sayəsində başqa xalqların poeziya nümunələri Azərbaycan oxucusuna çatdırılmışdır.
Əslində, bu ağsaçlı ustadımızın heç bir təbliğata ehtiyacı yoxdur, amma biz bütün poeziyasevərlərə və ədəbiyyat adamlarına, bu günkü və gələcək nəslinə bir örnək olan bu insanın irsini, həyatını və şəxsiyyətini bir daha təqdim etmək, ondan daha çox öyrənmək fikrindəyik. Onun çox zəngin irsinə baş vurmaq, haqqında yazılan sanballı elmi və publisistik yazıları dəyərləndirmək, tədbirlər keçirmək, yaradıcılığına daha dərinnən bələd olmaq üçün ədəbiyyatşünas alimlərdən bəhrələnmək çox gözəl olar.
Biz, Mirvarud Dilbaziyə həsr olunmuş ədəbi tədbirlər, poeziya günləri keçirməklə onun yaradıcılığına yenidən qayıtmaq, öyrənmək düşüncəsindəyik.
Bu il Azərbaycanın ilk qadın xalq şairi, Məclisimizin adını daşıyan Mirvarid Dilbazinin 110 yaşı tamam olur. Biz də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında “12 yanvar 2004-cü il tarixi sərəncamı”nı əlimizdə əsas tutaraq onun kitablarının yenidən nəşrinə nail olmağı qarşımıza məqsəd qoymuşuq. “Bənövşələr üstə göz yaşları” və “Çiçəkdən-çiçəyə” kitablarını artıq çapa hazırlayıblar. Mirvarid Dilbazi haqqında yazılan məqalələrdən, elmi-publisistik yazılardan, şeirlərdən, xatirə şəkillərdən ibarət bir kitab da artıq çapa hazırlanır. Bundan başqa həyata keçirdiyimiz bu layihə çərçivəsində Mirvarid Dilbazi yaradıcılığını təbliğ edən sayt hazırlanıb oxucularımızın ixtiyarına veriləcəkdir. Yaxın günlərdə də həmin saytın təqdimat mərasimi keçiriləcəkdir.
Sonra tədbirdə iştirak edən Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi, şairin yaxın qohumları, Mirvarid Dilbazi sevərlər, tanınmış şer və sənət adamları, ziyalılar görkəmli şairimizlə bağlı öz xatirələrini bölüşmüş, yaradıcılığından söhbət açmış və şerlərini səsləndirilmişdir.
Mirvarid Dilbazi yaradıcılığında uşaq şerləri xüsusi yer tutub və uşaqlar üçün bu poeziyanın təbliğ olunması çox vacibdir. Bu səbəbdən də Azərbaycanın müxtəlif bölgələrindən olan şagirdlər tədbirdə iştirak edən balaca məktəblilər – Qazax rayonu, Kəməri kənd orta məktəbinin 3-sinif şagirdi Ləzgiyeva Şəfəq Vəli qızı, Nəsimi rayonu, Tahir Həsənov adına 23 nömrəli məktəbin 3 cü sinif şairdi Fəridə Şükürova, 228 nömrəli məktəbin 4-cü sinif şagirdi (Sahil qəsəbəsi) Məryəm Əliyeva, Heydər Əliyev adına litseyin 6 – cı sinif şagirdi Mətin Abbaslı xalq şairimizin şerlərini səsləndiriblər. Məktəblilər “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin diplomu ilə təltif olunublar.
Sonda görkəmli sənətkarımızın öz səsi ilə sənədli filim nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin həyata keçirdiyi Mirvarid Dilbazi Azərbaycanın ilk qadın xalq şairi layihəsinə fevralın 1-dən start verilib.Xeberdar.net