Təhsil Nazirliyi bu gün fotosu sosial şəbəkədə yayılan, kiçik və təmirsiz olan Lerik rayonu Dico kənd məktəbi ilə bağlı məsələyə münasibət bildirib.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, son 10 il ərzində ölkədə 3500-dən çox məktəb tikilib və ya əsaslı təmir olunub.
Həmçinin son 7 ildə Lerik rayonunda 36 məktəb tikilib və ya əsaslı təmir olunub, bunlardan 29-u modul tiplidir:
“Dico kənd ibtidai məktəb 1 otaqlı, 10 şagird yerlikdir. Məktəbdə 2 şagird təhsil alır, 1 müəllim çalışır. Məktəb 4 illik olduğundan şagirdlər 8 km-lik məsafədə yerləşən Tikəband kənd tam orta məktəbində təhsillərini davam etdirirlər.
Növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində bu məqsədlə Təhsil Nazirliyinə vəsait ayrıldığı təqdirdə müraciətdə qaldırılan məsələ öz həllini tapacaq”, – açıqlamada qeyd edilib.