Xalqımızın qan yaddaşı – Xocalı

25 fevral 2022-ci il tarixində “Gənclərin Təşəbbüs Qrupu” və “Dünya Türk Ocaqları” təşkilatları tərəfindən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükütla yad edildikdən sonra tədbir açıq elan olunub və çıxışlar başlanıb. Çıxış edən “Gənclərin Təşəbbüs Qrupu”nun sədri Pərviz Usubov tarixin hər dönəmində xalqımızın bir çox müsibətlər, faciələr, kütləvi insan qırğınları, soyqırım və etnik təmizləmə siyasətinin qurbanı olmasından danışıb. O, qeyd edib ki, son XIX-XX əsrləri nəzərə alaraq Türkmənçay müqaviləsindən müasir dövrümüzə qədər olan zaman kəsiyində ermənilər və onlara dəstək olan havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə siyasəti, insanlığa sığmayan soyqırım və faciələrin törədildiyinin şahidi olmuşuq. İnsanlığa sığmayan, xüsusi amansızlıqla, vəhşiliklə törədilmiş faciələrdən biri də 25-26 fevral 1992-ci ildə erməni terrorçu dəstələrinin və Rusiya Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayı tərəfindən Xocalı rayonunda baş vermişdir. Bu il bu faciənin 30-cu ildönümünü kədər və hüzünlə qeyd edirik. Çox təəsüf ki, bu faciəyə hüquqi qiymət verilməmiş və bu qətliamın səbəkarları cəzasız olaraq qalmışdır. Azərbaycan xalqı birlik nümayiş etdirərək şanlı və rəşadətli ordumuz sayəsində əzəli, tarixi torpaqlarımızı işğaldan azad etdik. Şanlı qələbəmizdən sonra regionda və dünyada baş verən geosiyasi dəyişikliklər xalqımızın yaşamış olduğu faciə və soyqırımlarla bağlı beynəlxalq hüquq müstəvisində səbəbkarların, iştirakçıların, dəstəkçilərin cəzalandırılmasına imkanlar yaranmışdır. Bu imkanlardan düzgün istifadə edərək qeyri insani davranışlar sərgiləmiş, bəşəriyyət üçün üz qarası olan bu ünsürlər Beynəlxalq Ədalət Məhkəməsi qarşısına çıxarılmalı və tarixi ədalət bərqərar olunmalıdır. Daha sonra tədbirdə iştirak edən Şəhid ailələri, Qazilər, ziyalılar, gənclər çıxış edərək bu soyqırımla bağlı acı xatirələrini bölüşdülər. Sonda təşkilat adından xalqımızın yaşamış olduğu Xocalı soyqırımına hüquqi qiymət verilməsini, toplanmış əsaslı dəlil və sübutlar təqdim olunaraq Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən səbəbkar və iştirakçıların layiqincə cəzalandırılmasını, həmin dövlətlər tərəfindən dövlətimizə və insanlarımıza dəymiş maddi və mənəvi zərərin təzminat şəklində ödənilməsini təmin etmək üçün qətiyyətli addımların atılması ilə bağlı aidiyyəti dövlət orqanlarına və beynəlxalq təşkilatlara müraciət ünvanlandı. Qeyd olundu ki, güclü dövlətimizin məqsədyönlü siyasəti nəticəsində və beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət tərəfindən bu tarixi soyqırıma hüquqi qiymət veriləcək, xalqımıza qarşı həyata keçirilmiş hərbi cinayyətlə bağlı haqq-ədalətin bərqərar olacağına əminlik ifadə olundu.