Azərbaycanda yay məktəbləri: təhsil, yoxsa biznes?

Azərbaycanda bir sıra universitetlərdə ali təhsil müəssisələrində yay məktəbləri ənənəsi formalaşıb. Yay məktəbləri əsasən akademik borcların ləğv edilməsi, tələbələrin fənlər üzrə müvəffəq qiymətlərini yüksəltməsi və digər ali təhsil müəssisələrinin tələbələrinə kredit qazanması imkanı yaratmaq məqsədilə təşkil olunur.

Modern.az-ın məlumatına görə, yay məktəbləri könüllülük prinsipi əsasında həyata keçirilməli olsa da, bəzi universitetlərdə bu proqram tədris prosesindən çox, kommersiya məqsədi daşımağa başlayıb.

Tələbələrin sözlərinə görə, bəzi müəllimlər tələbələri məqsədli şəkildə yay məktəblərinə yönləndirmək üçün imtahanlarda qəsdən aşağı qiymətlər yazır.

Hətta bəzi universitetlərdə rektorların müəllimlərə bu istiqamətdə göstəriş verdiyi ilə bağlı fikirlər də yayılıb. Tələbələr iddia edir ki, bəzi fənn müəllimləri imtahan suallarını qəsdən daha mürəkkəb tərtib edir və ya qeyri-obyektiv qiymətləndirmə aparır.

Bu hallar yay məktəblərinə tələbatı süni şəkildə artırır və təhsil sisteminin tədris və bilik vermə missiyası ikinci plana keçir.

Ekspertlər bu cür halların ali təhsilin keyfiyyətinə zərər vurduğunu, tələbələr arasında inamsızlıq yaratdığını bildirirlər. Onların fikrincə, yay məktəblərinin məqsədi tələbələrin biliklərini artırmaq və onlara əlavə imkanlar yaratmaq olmalıdır, lakin bu cür hallar təhsil prosesini kommersiya layihəsinə çevirir.

Saytımıza açıqlama verən təhsil eksperti Kamran Əsədov da deyir ki, bəzi hallarda yay məktəbi kommersiya maraqlarına xidmət edir: “Bu vəziyyət tələbələrin hüquqlarını və təhsilin keyfiyyətini mənfi təsir altına alır. Universitetlərdə yay məktəbinin gəlir gətirən vasitəyə çevrildiyi hallarda, tələbələrin qəsdən kəsilmə riski artır və onların təhsil xərcləri qeyri-adekvat şəkildə yüksəlir”.

Onun sözlərinə görə, mövcud vəziyyətin əsas problemlərindən biri, qiymətləndirmə prosesində şəffaflığın tam təmin olunmamasıdır:

“Təhsil Nazirliyinin son statistik məlumatlarına əsasən, bəzi universitetlərdə tələbələrin kəsilmə faizi ümumi orta göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir. Məsələn, 2023-cü ildə ölkə üzrə bəzi universitetlərdə tələbələrin kəsilmə faizi 30%-dən yuxarı olub ki, bu da beynəlxalq təhsil standartlarından iki dəfə yüksək göstəricidir. Belə yüksək rəqəmlər yay məktəbinin kommersiya məqsədli istifadə edildiyi ehtimalını gücləndirir. Tələbələr yalnız həmin fənlərdən keçmək üçün yay məktəbinə cəlb edilir, bu isə onların əlavə maliyyə xərcləri ilə üzləşməsinə səbəb olur”.

Müsahibimiz sonda qeyd edib ki, yay məktəblərinin qiymət siyasəti dövlət tərəfindən tənzimlənməlidir:

“Tələbələrin əlavə ödənişlərdən məhrum olmaları üçün yay məktəbində tətbiq olunan təhsil haqları dövlət tərəfindən müəyyən edilmiş yuxarı həddi aşmamalıdır. Xüsusilə sosial cəhətdən həssas qruplara aid olan tələbələr üçün güzəştlər təmin olunmalı və onların yay məktəbinə çıxışı asanlaşdırılmalıdır. Yay məktəblərinin kommersiya məqsədli istifadəsinin qarşısını almaq üçün tələbələrin hüquqlarını qorumaq məqsədilə xüsusi mexanizmlər yaradılmalıdır. Tələbə şikayətlərini araşdıran müstəqil komissiyalar fəaliyyət göstərməli və bu komissiyaların qərarları tələbələrin hüquqlarını effektiv şəkildə müdafiə etməlidir. Universitetlərdə yay məktəbi ilə bağlı sui-istifadə halları aşkarlandıqda, bu hallara qarşı sərt inzibati tədbirlər görülməlidir”.



Mənbə