Aİ sanksiyaları ləğv etmək üçün Suriyadan Rusiya bazalarının ləğvini istəyib

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı olan Avropa sanksiyalarını ləğv etmək üçün rəsmi Dəməşqdən Rusiyanın hərbi bazaları da daxil olmaqla, xarici qüvvələrin mövcudluğundan xilas olmağı istəyib.

Bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə yanvarın 27-də birlik ölkələrinin XİN rəhbərlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Bəli, əlbəttə ki, bu, izlədiyimiz məsələdir. Artıq Suriyanın yeni hökumətinə çatdırmışıq ki, Suriyada normallaşmanın bir hissəsi hər hansı xarici mövcudluqdan – hərbi iştirakdan və ya müdaxilədən xilas olmaqdan ibarətdir. Orada üç ölkə var, onlardan biri də Rusiyadır. İstəyimizə cavab olaraq onlar bu məsələyə gələcəkdə baxacaqlarını söylədilər”, – Aİ nümayəndəsi jurnalistlərin birliyin Suriyaya qarşı sanksiyaların ləğvi üçün Rusiya hərbi bazalarının ləğvinin şərt kimi irəli sürülüb-sürülməməsi ilə bağlı sualını cavablandırarkən deyib.

Qeyd edək ki, Rusiya Suriyada iki hərbi obyektə – Tartus liman şəhərindəki Rusiya Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təchizat mərkəzinə və Xmeymim aviabazasına malikdir. Tartusdakı baza ikitərəfli razılaşmaya əsasən 1971-ci ildə yaradılıb.



Mənbə