Bakı sakini Quba İcra şöbəsindən şikayətçidir

Bakı şəhər Xətai rayon Məhkəməsinin 05.09.2023-cü il, 2(011)-3181/2023 saylı qətnaməsinə əsasən Süleymanova Sabrina Cavidovnadan 2070 manat, 64 qəpik pul vəsaitinin alınaraq mənə verilməsi qət edilmişdir.

Lakin qətnamə qanuni qüvvəsini almasına baxmayaraq Sabrina Süleymanova pulu ödəməkdən imtina etmiş, qaçıb gizlənmiş, Quba rayon Polis şöbəsi isə hansısa maraqdansa onu vaxtında tapıb İcra Şöbəsinə təhvil verməmişdir.

Nəhayət ki, çoxsaylı şikayətlərimdən sonra Sabrina Süleymanova tapılaraq Quba rayon icra şöbəsinə təhvil verilmişdir. O. isə Quba Rayon İcra Şöbəsində, eləcə də barəsində verilmiş protokolla bağlı Quba rayon məhkəməsində verdiyi izahatlarında qəti şəkildə pulu ödəməyəcəyini bildirmişdir.

Belə olan halda o, cinayət məcəlləsinin 306-cı maddəsi ilə (yəni, icra sənədini icra etməkdən qəsdən yayındığı üçün) cinayət məsuliyyətinə cəlb edilməli idi. Belə ki, o, nəinki mənə, eləcə də məhkəmə qərarları ilə borclu olduğu digər zərərçəkmişlərə də pul ödəmək istəmir.

Lakin Quba rayon Məhkəməsinin 3(027)-879/2024 saylı, 24.10.2024-cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə həbs seçilmişdir. Həmin müddət bitdikdən sonra isə Sabrina Süleymanova pulu ödəmir.

Quba rayon İcra şöbəsi isə onun cinayət məsuliyyətinə cəlb edilmə üçün məhkəməyə təqdimat vermir. Bunu onunla əsaslandırmağa çalışır ki, guya Sabrina Süleymanovanın torpaq sahəsi satdığa çıxarılmış, satıldıqdan sonra həmin pul Sabrinanın borclu olduğu digər tələbkarlarla mənim arama bölünəcək. Qeyd edim ki, Sabrinanın mənə 2070 manat, digər 16 nəfərə isə cəmi 300000 manat məbləğində borcu vardır.

Onu da qeyd edim 2023-2024-cü illərdə onun barəsində Sumqayıt Ağır cinayətlər məhkəməsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkəmə prosesi getmişdir. Buna qədər isə onun həmin maddə ilə iki dəfə məhkumluğu olmuşdur. Bu şəxs dələduzluğu özünə peşə seçmişdir.

Hesab edirəm ki, Quba Rayon İcra şöbəsinin rəisi Arif İmanov icra məmuru Vahid Məmmədov Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsini vaxtında icra etməməkdə maraqlıdırlar. Onların bu qanunsuz hərəkətsizlikərinə Xaçmaz Regional Ədliyyə idarəsi göz yumur. Belə ki, bu barədə etdiyim şikayətlə bağlı həmin idarə tərəfindən Quba rayon İcra şöbəsi barəsində heç bir tədbir görülmür. Bunun da nəticəsində məhkəmə qətnaməsi ilə bağlı icra sənədi 2 il yaxındır ki, icra edilməmiş qalmışdır. Xahiş edirəm ki, bu problemin həli ilə bağlı əlaqədar dövlət orqanları mənə kömək etsinlər.

Şükürov Azad Sadiq oğlu
Tel: 070 213-66-13