USTA RAMİZİN XATİRƏLƏRİ


Mənim taleyimdə xoş təsadüflər az deyil – bu, bir həqiqətdir. Belə təsadüflərin
biri də bu yaxın günlərdə baş verdi. Yəni əslən ağbabalı Usta Ramizlə görüşdüm.
Görüş vaxtı mənə elə gəldi ki, mən bu ustanı lap uşaqlıqdan tanıyıram. Onun
kövrəkliyi, əslə-soya, Vətənə bağlılığı məni heyran etdi. Ustalığı da öz yerində…
Düz qırx ildən çoxdur ki, dülgər kimi tanınıb. Usta Ramizin nənəsi Musayeva Gülçöhrə Tahir qızı haqqında xatirələri məni tərpətdi. Ondan yazıya aldığım yazını
olduğu kimi verməyi qərara aldım. Gülçöhrə nənə haqqında bu xatirələr bu sinədəftər ağbirçəyimizin ruhunu şad edəcək – bu qənaətdəyəm. Usta Ramiz deyir:
– Yaşım altmışı keçib, amma nənəmli günləri unuda bilmirəm, çünki hələ uşaq
vaxtlarımdam nənəmin dizinin dibindən ayrılmamışam. Yəni beş-altı yaşımdan, belə
deyim, az-çox özümü qanandan başımın üstündə Gülçöhrə nənəmi görmüşəm. Onu
da deyim ki, ailəmiz böyükdü, ailədə on bir uşaq vardı. İş elə gətirmişdi ki, ataanamızı gün ərzində az-az görürdük. Anam mal fermasında sağıcı işləyir, atam da
kolxozun atlarına baxırdı, daha sonralar peşə məktəbində oxuyub traktorçu olmuşdu. Adətən, anam evə axşam tərəfi, atam isə çox gec gələrdi. Bəzən günlərlə
onun üzünü görməzdik. Evdə ən çox təmasda olduğumuz nənəmdi. Yadımdadır,
atam atlara baxanda qışda xizək, yazda, yayda isə at furqonundan istifadə edərdi.
Atlara yaxşı baxar, heyvanların gümrahlığına fikir verərdi. Hərdən bir xizəyin, ya da
furqonun dalınca yüyürərdim, amma atam buna o qədər fikir verməzdi. Mən doluqsunub ağlayan kimi nənəm yanımı kəsdirərdi:
– Mənim balam, atan iş adamıdı. Görmürsənmi, işə tələsir?! Başqa vaxt xizəyə
də, furqona da minərsən.
Nənəm cəldhərəkətli və çevik qadındı. Hətta qışın boranlı vaxtlarında da nənəm
at minər, iş-gücündən qalmazdı. Baxardım, budur nənəm atın üstündə gəlir. Yenə
yaşmaq tutub, üst-başı da qar…
Nənəm həmişə oruc tutar, namaz qılardı. Hamısıaha dua edərdi. Adət etmişdi, qardaşlarının (iki qardaşı müharibəyə gedib qayıtmamışdı) şəkillərinə baxıb ağlayardı.
Arada bir qəhərlənə-qəhərlənə deyərdi:
– Mənim məndən böyük bir qardaşım da vardı. Adı Həsəndi. O, on beş yaşında
xəstəlikdən vəfat edib. Bundan qırx gün keçəndən sonra mən anadan olmuşam. Sonralar anadan olan qardaşıma böyük qardaşımın adını qoyurlar… Onlar da getdilər,
xəbər-ətər də gəlmədi.
Biz də nənəmə bağlı idik. O ağlayanda ağlayır, güləndə gülürdük. Hə, baxırdım
ki, nənəm bulud kimi dolub, indicə hönkürəcək, odur ki, söhbətin səmtini dəyişdirərdim:
– Ay nənə, uşaq vaxtı heç məzəli işlərin olmayıbmı?! Bir dəfə də ondan danış.
Bunu eşidəndə nənəmin əhvalı dəyişərdi:
2
– Niyə olmuyub, qadan alım, olub. Yadımdadır, məni Bəşir babana nişanlayanda on dörd yaşım vardı. Mənə pal-paltarla bərabər bir cüt qaloş da gətirmişdilər. O
vaxtlar qaloş mətah sayılırdı. Hamı çarıq geyirdi, qaloş hardaydı. Sevindiyimdən
qaloşları götürüb bayıra qaçdım. Ucadan səsləndim:
– Baxın, baxın, mənim laklı çarıqlarım var!
Səsimə eşiyə anam çıxan kimi məni içəri salıb qapazladı. Bunu eşidəndə bizim
gülüşdüyümüzü görüb nənəm də bizə qoşulardı.
Nənəm çox duyğulu insandı, sinədən bayatı deməyi vardı. Qəmli səsi, adamı
sehrləyən avazı adamı kövrəldirdi. Mənə elə gəlirdi ki, o bayatı deyəndə onu eşidən
daş da olsa yumşalıb əriyər. Bəli, nənəm belə ağbirçəkdi. Onun oxuduğu nanaylar,
bayatılar, tırınqılar, qımqımılar onu hər yanda, ətraf kəndlərdə də tanıtmışdı. Ona
qulaq asan kimi özümdən ixtiyarsız göz yaşım axıb gedərdi. Hərdən bir düşünürəm
ki, niyə vaxtında nənəmin dediklərini, oxuduqlarını yazıya almadım?! Necə deyim
ki, onun sinəsindəki “kitab”dan yadımda cəmi bir neçə bayatı qaldı?!
Eləmi necə yanım,
Alışıb necə yanım.
Tezcə sən niyə köçdün,
Dünyadan mənim canım?!
Sən baxsan bir işimə,
Boşqabla göz yaşıma.
Səni bizə bəxş edən
Götürdü öz başına.
Qızılgül yox qoxuya,
Bülbül necə oxuya.
İki qardaş bir yerdə
Daim gedib yuxuya.
Eləmi vurdum yara,
Nə axtar, nə də ara.
Qulluqçun öz doğmandı,
Sənin bacın Gülçöhrə.
Eləmi sınıb tarım,
Simi yox, sınıb tarım.
Getdin, ünvan qoymadın,
Səni necə axtarım?
3
Eləmi necə yazdı,
Bilmirəm, necə yazdı.
Sizə düşən qisməti
Gizlədi, gecə yazdı.
Eləmi gecə andı,
Od tutdu, gecə yandı.
Fələk ova çıxmışdı,
Sizi bir maral sandı.
Eləmi bəndə düşdüm,
Nəşədən gendə düşdüm.
Əzrayıl tor qurmuşdu,
Qaçarkən mən də düşdüm.
Arzum idi görəydim,
Bir gərdəklik hörəydim.
Fələk aman vermədi,
Qızımı köçürəydim.
İndi-indi anlayıram ki, nənəm şairmiş, Hamısıah ona təb veribmiş… Gözəl səsi də
üstəlik… Vaxtında, vədəsində bunu anlamamışam. Sonra da düşünürəm ki, peşiman
olmağın bir faydası yoxdu. Yəni nənəmin sinəsindəki “kitab”dan qalan bu bir neçə
bayatı oldu.
Nənəm 2010-cu ildə 99 yaşında vəfat etdi. Ruhun şad olsun, Gülçöhrə nənə,
Hamısıah sənə qəni-qəni rəhmət eləsin.
Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent