Mülki təyyarəmizin vurulması və enişə icazə verilməməsi bir çox suallar yaradır

Azərbaycan Prezidenti cənab İlham Əliyev Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumat alıb və dərhal geri dönüb.
Təyyarə endikdən sonra İlham Əliyev  Heydər Əliyev adına Beynəlxalq Aeroportda operativ müşavirə keçirib. Prezidentin göstərişi ilə Dövlət Komissiyası yaradılıb və müvafiq qurumların nümayəndələrindən ibarət heyət təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olaraq yerində müşahidə aparmaq, foto və videomateriallar əldə edərək ictimaiyyətə təqdim etmək üçün Aktau şəhərinə göndərilib. Eyni zamanda hadisə yerinə Azərbaycandan həkimlərdən ibarət qrup da ezam edilib. Azərbaycan Baş Prokurorluğunda isə cinayət işi açılıb.
Respublika Prezidenti Hava Limanında Azərbaycan Televiziyasına müsahibə verərək ilkin versiyalar üzərində işin başlandığını söyləyib. Qeyd edib ki, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir.  Elə həmin gün bizim heyətimiz Aktau şəhərinə yollanmışdır.
Bildiyimiz kimi Rusiya tərəfi təyyarəyə atəş açılmasını ört-basdır etməyə çalışaraq quşların təyyarə ilə toqquşması və yaxud qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürməyə çalışmışdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik”.
Onu da qeyd edək ki, ekipajın peşəkarlığı, fədakarlığı eyni zamanda qəhrəmanlığı sayəsində təyyarə qəza enişi də olsa, eniş edə bildi və bir çox sərnişinlərin həyatı xilas olundu.
Bir sıra versiyaların əksinə olaraq, sağ qalan sərnişinlərin dediyinə görə təyyarəyə güllə açılmış və onların bir neçəsi güllə yarası almışlar. Eyni zamanda təyyarənin üzərində olan qəlpə izləri də təyyarənin vurulduğunu sübut edir.
Azərbaycan Resspublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”.
Məhz buna görə də Azərbaycan tərəfi burada yalnız beynəlxalq ekspertlərdən ibarət qrupun işləməsini istədi və bu qrup yaradıldı. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Lakin onlar aparıcı rollarda deyillər, işçi qrupunun tərkibində olan üzvlər kimi fəaliyyət göstərirlər. Bütün bunlara baxmayaraq hər birimiz “qara qutu”ların açılmasını gözləyirik ki, onlar açılanda cinayət bütün təəssüratları ilə açılacaq və hər şey bütün detalları ilə aydın olacaq.
Çox maraqlıdır. Nəyə görə təyyarə Qroznı şəhərinə eniş edə bilmədi. Bunu hava şəraiti ilə bağlayırlarsa, niyə əvvəlcədən məlumat verilməmişdi. Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Qara qutu”lar açılandan sonra bilinəcək  dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur”.
Qəza anından Qazaxstan rəhbərliyi tərəfindən verilən göstərişə əsasən hadisə yerinə dərhal xilasedicilər göndərilib. Xilasedicilər öz həyatlarını risqə ataraq sərnişinləri dağılmış təyyarədən çıxartmağa başlayıblar. Belə ki, göründüyünə görə təyyarənin yalnız bir yanı partlayaraq yanıb, odur ki, yeni partlayış da ola bilərdi. Oraya eyni zamanda dərhal həkimlər də göndərilmişdir ki, onlar da yaralılara yerindəcə təcili tibbi yardım göstərərək xəstəxanalara aparmışlar.
Belə bir anda dost, qardaş Qazaxstan vətəndaşları, qazax xalqının nümayəndələri bizim kədərimizə şərik olaraq Azərbaycanın Aktuadakı konsulluğunun qarşısına gəlib gül qoyaraq kədərimizə şərik olduqlarını bildiriblər.
İlham Əliyev öz növbəsində Prezident Tokayevə zəng edərək  minnətdarlığını bildirib, eyni zamanda Azərbaycanın istintaqla bağlı da mövqeyini bildirərək qeyd edib ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni  Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik.
Qeyd edək ki, Qazaxstan da bu qəzanın səbəblərini araşdırmaq və tam təfərrüatı ilə açılması üçün öz növbəsində Dövlət Komissiyası yaratmışdır.
Təyyarə qəzasında həlak olanların nəşi Bakıya gətirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev vida mərasimində iştirak etmiş həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı vermişdir. Müsahibəsində İlham Əliyev ekipaj üzvlərinin fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirdiyini və onların təltifi ilə bağlı Sərəncamı olacağını, onların fəaliyyəti, qəhrəmanlığı Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcəyini  bildirdi.
Azərbaycan vətəndaşlarının təhlükəsizliyi üçün Artıq AZAL Rusiyanın yeddi şəhərinə müddətsiz olaraq öz uçuşlarını dayandırıb. Eyni zamanda Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşları da dayandırılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”.
Şəhla Ağbulud
Yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin sədri