Deyirlər ki, poeziya və musiqi qoşa qanaddır. Bəli, bu həqiqətən belədir. Poeziyanın da musiqi kimi ritmi, ahəngi var. Bu mənada klassik ədəbiyyatda mövcud olan şeir növləri – əruz vəzni, onun təfilələri və heca vəzni buna misaldır. Bu vəznlərdə yazılan şeirləri oxuyanda, sanki musiqi dinləyirsən. Odur ki, poeziya və musiqinin vəhdətindən yaranan əsərlər, insanların ruhuna ikiqat xoş təsir bağışlayır. O ki, qaldı poeziya və musiqini duyub, onların birlikdə təsirindən poetik nümunələr ərsəyə gətirmək, bu da yüksək istedadın təzahürüdür.
Fəxrəddin Meydanlı məhz belə istedada malik yaradıcı insanlardandır.
Bəli, istedadlı İnsan dedik. Sözün əsl mənasında bu fikir məhz Fəxrəddin müəllimin ünvanına deyilə bilər. Çünki o, İnsan kimi yüksək keyfiyyətlərə malikdir. Şair təbiətli olması isə onun istedadının ifadəsidir. Məhz bu cəhətləri ilə Fəxrəddin Meydanlı incəsənət meydanında tanınıb və hörmət qazanıb.
Mən Fəxrəddin müəllimi 10 ildən artıqdır ki, tanıyıram. Onu həmişə üzü gülən, mehriban, xoş simalı və xoş niyyətli görmüşəm. İlk dəfə onunla görüşəndə prşəkar jurnalist olduğunu zənn etmişdim.
Çünki sənət və sənətkarlar haqqında çox məlumatlı olduğundan düşündüm ki, yəgin qələm əhlidir. Əslində düşüncəm özünü doğrultdu, o, doğrudan da qələm əhlidir, amma, ixtisası başqadır.
Biz atam – Respublikanın Əməkdar artisti Təhmiraz Şirinovla o vaxtlar fəaliyyət göstərən Muğam Teatrına tədbirlərə dəvət alır və tez-tez orada iştirak edirdik. Atam ifaçı, mən də musiqişünas olaraq həmin tədbirlərdə çıxışlarımız olurdu. Əslində Fəxrəddin müəllimlə də elə belə tədbirlərdə görüşüb tanış olmuşduq. İndi isə o tanışlıq öz yerini dostluğa verib. O, əsl dost, qayğıkeş və çox mehriban bir İnsandır. Diqqətinə isə söz ola bilməz.
Əlbəttə, mən Fəxrəddin müəllimin insani tərəflərindən çox danışa bilərəm. Amma, bu yazını qələmə almaqda məqsədim onun şairliyinin musiqidə təzahüründən bəhs etməkdir.
İxtisasca iqtisadçı olan Fəxrəddin məllim özünəməxsus publisist-şair və musiqi duyumlu yaradıcı şəxsdir.
Onun qələm təcrübəsi ilə ilk dəfə 2013-cü ildə atam Təhmiraz Şirinova həsr etdiyi portret yazısı və bu yazının tərkib hissəsi olan şeiri ilə tanış olmuşam. O vaxtdan da Fəxrəddin müəllimin yaradıcılığını izləməyə başlamışam. Onun musiqiçilər haqqında publisistik yazıları və şeirləri peşəkar üslubda qələmə alınan gözəl nümunələrdir. Bu mənada Fəxrəddin müəllimin “Musiqimizi yaşadanlar” adlı kitabı həqiqətən musiqiçilərimizin böyük sənətinin poetik şəkildə ifadəsinin təzahürüdür.
Bu yerdə bir məsələni də xüsusi vurğulamaq lazımdır. Düzdür, bir çox şairlər, qələm əhli olanlar musiqiçilər barəsində şeirlər yazıblar, söz deyiblər. Amma, Fəxrəddin Meydanlı bu mənada da fərqli bir yol seçib. Belə ki, o, kimin haqqında şeir yazırsa, o sənətkarın yaradıcılığı barədə əvvəl bir yazını qələmə alır və bu yazını səbəkara həsr etdiyi şeirlə bitirir. Özü də Fəxrəddin Meydanlının qələmə aldığı publisistik yazını oxuyanda aydın olur ki, o, haqqında yazdığı sənətkarın irsinə dərindən bələd olub, onun yaradıcılığını mənbələrdən oxuyub, mənimsəyib, sonra öz fikirlərini qələmə alıb. Odur ki, Fəxrəddin müəllimin musiqiçilər haqqında qələmə aldığı publisistik yazılar geniş oxucu kütləsi üçün də maarifləndirici əhəmiyyət kəsb edir. “Musiqimizi yaşadanlar” kitabında müəllif yazıları və şeirləri bir toplu halında oxuculara təqdim edir. Onu da qeyd etməliyik ki, bu yazılar və şeirlərin hər biri müxtəlif qəzet, jurnal və saytların səhifələrində də çap olunub. Bu yerdə Fəxrəddin Meydanlının “Musiqimizi yaşadanlar” kitabından bəzi musiqiçilərə həsr olunan yazılardan nümunələrə nəzər salaq.
Maestro Niyazinin 100 illiyinə həsr olunan “Ustadlara ustad sən idin sanki, Niyazi” –
Gəl bax Şuşaya, çünki baban doğuldu burda,
Açdın gözünü Tiflis olan türkü-diyarda
Gördün üzünü Bakı kimi o xoş cəmalda,
Yoxsan aramızda, hamı ruhundan irazi,
Ustadlara ustad sən idin sanki, Niyazi…
Ustad Xan Şuşinskiyə “Xan nəvəsi şuşalı Xan” –
Ustad, yaşın 110 oldu,
Nə başlanğıc, nə son oldu.
Ömür payın don-don oldu-
Unudulmaz belə insan,
Xan nəvəsi – Şuşalı Xan!..
Mərhum, unudulmaz sənətkarımız-Azərbaycan Respublikasının xalq artisti Əlibaba Məmmədova həsr etdiyi ”Humayın”dı şah əsəri”-
…“Hümayun”i yaratdı da, “Humayun”dı şah əsəri,
Sənətkarlar arasında, vardı sözünün kəsəri.
Yerindəcə barışdırar, biri-birindən küsəri-
incəliklə ayırd edər, zərif içindən zərifi,
O hər kəsin ƏMİsiydi, xoşlayardı bu təltifi…
Unudulmaz bəstəkarımız Emin Sabitoğlunun 75 illiyinə “Bağışla”, “Bu gecə axtar sən məni”-
…“Bağışla”, “Bu gecə”, “Axtar sən məni”,
Yorubdur “Kəpənək” qoca Mirzəni,
Azər haraylayır bax, “Şükriyyə”ni-
“Gəncədən gəlirəm”, hava səp-sərin,
Sabit oğlu Emin…
Ustadlar ustadı aşıq Şakirə “Ölmür sənət aşıq Şakir”, Şirvan aşıq məktəbinin daha bir ustadı-Aşıq Əhmədin əziz xatirəsinə “Əhməd, o yerlərə bir salam verək”, adlı yazılarını və şeirlərini misal göstərə bilərik. Bu onun musiqiçi sənətkarlarımıza həsr etdiyi yazıların az bir hissəsidir.
Bunlardan başqa dünya şöhrətli bəstəkarımız, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq artisti, professor, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadəyə ünvanladığı “İntizar”ın yaratdı hər ürəkdə intizar” –
“İntizar”ın yaratdı, hər ürəkdə intizar,
Çıxacaq səyahətə, dünyanı, diyar-diyar.
Nərgiz – nərgiz ətrini,hopdurdu hər bir nota,
Qarabağ həqiqəti, yayıldı kainata.
Musiqidən toxudun, bir xonça, bir çələngiz,
Əlizadə Firəngiz!..
və atam-Respublikanın Əməkdar artisti Təhmiraz Şirinova “Sənəti səsilə seçilən sənətkar”
İndi Qəbələ tək xoş məkan hanı,
Heyrətə gətirib bütün cahanı.
Tanıdır dünyaya Azərbaycanı –
“Çuxur Qəbələ”dən eylədin pərvaz,
Oxu, Təhmiraz!..
adlı yazıları da peşəkarlıqla qələmə alınan və diqqətimi çəkən publisistik yazıları və şeirlərdir.
Fəxrəddin Meydanlı musiqi həyatımızı daim izləyən və baş verən hadisələrə öz qələmi ilə münasibət bildirən ziyalı şəxsiyyətlərdəndir. Bu yaxınlarda dünyasını dəyişən tanınmış tarzən və pedaqoq Rövşən Zamanova həsr etdiyi “Göyçayda bir Rövşən vardı” yazısı buna misaldır. Bu yazıda publisist və şair qələmi ilə dost sözü, dost nisgili öz əksini tapır.
Göyçayda bir Rövşən vardı, tarçı idi-hey çalardı,
İfasını dinləyənlər yorulmazdı, feyz alardı.
Rövşən tarı qucaqlayıb, sığallayıb əzizlərdi,
Sonra tarın körpə təki nazın çəkər, dindirərdi…
Fəxrəddin Meydanlının musiqiçilərə həsr etdiyi bu və ya digər yazıları iştirak etdiyi tədbirlərdən aldığı təəssüratlarının təcəssümüdür.
Bu mənada onun Xalq artisti, görkəmli dirijor Fəxrəddin Kərimova ünvanladığı “Maestro, sehirli çubuğunu al ələ” adlı yazısını qeyd edə bilərik.
Əgər diqqət yetirdinizsə, musiqiçilər haqqında publisistik yazı və şeir ifadələrini birgə işlətdik. Çünki Fəxrəddin Meydanlı bunu bir üslub kimi öz yaradıcılığına tətbiq edir.
O, yazılarında musiqiçilərin həyat və yaradıcılıq yolunu öz təfsirində işıqlandırır, şeirlərində isə onların irsinə və yaradıcılığına öz təbirincə münasibət bildirir. Bunlar da şair Fəxrəddinin musiqi dünyasından soraq verir.
Onun bu xidmətləri musiqi sənəimizə bir töhfədir. Bu töhfələrə görə Fəxrəddin Meydanlıya minnətdarlıq hissi ilə, onu ömrünün 70-i də təbrik edir və mən də əziz dostumuza öz töhfəmi təqdim edirəm. Ölməz Səməd Vurğunun təbirincə desək “Az-az uydururam yeri gələndə”. Hə, sevimli Fəxrəddin müəllim mən də Sizin üsluba uyğun olaraq yazımı şeirimlə tamamlayıram.
Hər şeirində yüz məna var,
Vərəqləsən olar aşkar.
Məmnun qalar oxuyanlar.
Hər sətrində nəğmə dinir-
görün Meydanlı nə deyir.
“Şairlik deyil sənətim”,
Şeirə vardır məhəbbətim,
Şükür, çatdı cəsarətim.
Musiqidən bəhs eylədim-
şeir yazıb, söz söylədim.
Meydanlıya arzum, meydan,
Əziz dostum, doğma adam.
Səadətəm, sənə şadam-
Yaz, oxuyaq yazıları-
Sənə sənət uğurları.
01.12.2024-Bakı
Səadət TƏHMİRAZQIZI-
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi