Əmək Müfəttişliyi Xidməti: Bu il qeyri-qanuni işdən azad edilmiş 57 vətəndaş iş yerinə bərpa olunub

 Bu ilin ilk 11 ayında qeyri-qanuni şəkildə işdən azad olunmuş 57 vətəndaş yenidən iş yerinə bərpa olunub.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev “Sosial saat” verilişində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövr ərzində 200 mindən çox vətəndaşa haqqı ödənilməyən əmək, məzuniyyət, müavinət və digər vəsaitlərin ödənilməsi həyata keçirilib.

Xidmət rəisi əlavə edib ki, ötən dövr ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinin qaynar xəttinə 40 min müraciət ünvanlanıb, bunun da xeyli hissəsi elektron imza ilə bağlı olub:

“Artıq hər bir işçi və işə götürən arasında yalnız elektron qaydada əmək müqaviləsi bağlanır. Bu da əmək münasibətlərində kardinal dəyişikliyə səbəb olur. Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətində də yetərincə yenilənmələr olub”.