Bakının Nəsimi rayonunda, “Kubinka” deyilən ərazidə sakinlərlə “Vialon” MMC-nin rəhbərliyi arasında gərginlik davam edir. Bu dəfə mübahisənin predmeti Balababa Məcidov küçəsi, 66 ünvanında yerləşən evdir. “Vialon” MMC ərazidə bir çox evləri söksə də, Törəxanım Əzimova dəyərindən az pul təklif olunduğu üçün evini satmaqdan imtina edib. Lakin şirkət nümayəndələri evin alındığını iddia edirlər.
Törəxanımın Əzimova Bakupost.az -a açıqlamasında bildirib ki, “Vialon” MMC-nin nümayəndəsi Ramil Quliyev, evin ailənin digər üzvü, Törəxanımın həyat yoldaşı Hacıağa Əzimov tərəfindən satıldığını iddia edir. Lakin Törəxanım Əzimova və qızı bu iddiaya etiraz edərək məhkəməyə müraciət ediblər.
Məhkəmə onların xeyrinə qərar çıxarıb. Qərara əsasən, evin onların razılığı olmadan satılması və söküləməsi qanunsuzdur. Törəxanım Əzimova məhkəmənin bu qərarındna sonra ciddi təzyiqlərə məruz qaldığını deyir:
“”Vialon” MMC bizi mənzildən çıxarmaq üçün qonşu evəri sökməyə başlayıb. Bu zaman mənim evim də ziyan görüb. Çıxıb etiraz etdim, mənim üstümə qışqırdılar ki, içəri gir. Qızım dərhal polisə zəng etdi, amma heç kim gəlmədi. Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik, onlardan da cavab ala bilmədik”.
Onun sözlərinə görə, evin qaz xətti və telefon şəbəkəsi zədələnib, çanaq antenası isə oğurlanıb:
“Evimizin qabağına daş, söküntü qalıqları töküb yolumuzu bağlayırlar. Deyirik ki, heç olmasa, gəlib yığışdırın, evimizə girə bilək. Mənim hazırda evimə giriş yoxdur. Bizi təhqir edib deyirlər ki, təmizləmirik, gedin nə edirsiz, edin”.
Sakinlərin sözlərinə görə, Ramil Quliyev onların ünvaına hədə və təhqirlər yağdırmaqdan belə çəkinmir:
“Ramil Quliyev bizə deyir ki, dilinizi dartıb boğazınızdan çıxardaram”.
Hadisəylə bağlı “Vialon” MMC-nin nümayəndəsi Ramil Quliyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.
Məsələylə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, qeyd olunan ünvanda söküntü işləri ilə bağlı sakinlərin polisə müraciəti daxil olub. Hazırda araşdırma aparılır.
Qeyd edək ki, mətbuatda yayılan xəbərlər görə, “Vialon” MMC-nın rəhbərinin sabiq deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımov olduğu bildirilir.