Türkiyəyə məxsus dronların Ermənistanla sərhəddə yerləşən Ararat vilayətinin Armaş qəsəbəsində naməlum uçuş həyata keçirdiyi iddia olunur. “Hraparak” nəşri dronların bir neçə ərazidə göründüyünü bildiriblər. Qəzet məsələ ilə bağlı ordudakı mənbələri ilə əlaqə saxlayıb.
Məlumatın doğru olduğu, hər gün bir dəfə dronun sərhədi keçərək Ermənistan ərazisindəki mövqeləri lentə aldığı qeyd edilib. İddiaya görə, sərhədçilər dəfələrlə Müdafiə Nazirliyinə məsələ ilə bağlı məlumat veriblər. Hətta dronu zərərsizləşdirmək üçün müraciət ediblər. Lakin buna icazə verilməyib və ona toxunulmamaq tapşırılıb. Sərhədçilərdən biri yeni dronların əvvəlkilərdən fərqləndiyini deyib: “Əvvəllər də olurdu, amma son zamanlar intensivləşib. Ən gec iki gündə bir mütləq görürük. Bunun həm görünüşü, həm də səsi əvvəlkilərdən fərqlidir. Səsinə, uçuş hündürlüyünə və formasına görə onun hansı dron olduğunu artıq bilirik”. “Hraparak” məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlik sərhəddə heç bir qeyri-qanuni uçuşun qeydə alınmadığını bildirib.
Politoloq Azər Qasımov “Sherg.az”a açıqlamasında deyib ki, Türkiyə dronlarının sərhəd ərazilərdə müşahidə aparması faktı adi rutin haldır. Ekspertin sözlərinə görə, Türkiyənin öz sərhədlərinə nəzarət etməsi üçün dronlardan istifadə etməsi müasir texnologiyaların türk ordusunda geniş tətbiq edildiyini göstərir:
“Dronların Ermənistan sərhədini də nəzarətdə saxlaması xüsusi durumla bağlıdır. Məlum olduğu kimi, Türkiyə NATO ölkəsidir və Ermənistanda Rusiya ordusu mənsubları var. O baxımdan Türkiyənin hərbi birləşmələrə nəzarət etmək istəyi təbiidir. Bura Ermənistana İranla sərhəddən daşınan silahların da nəzarətdə saxlanılmasını əlavə etmək lazımdır. Türkiyə Azərbaycan üçün də məlumat toplamaqla məşğul olur. Ermənistan mediasının guya Türkiyə dronlarının onun sərhədlərini pozması iddiası isə yalandır. Dronlar sərhədləri bəlli trayektoriya üzrə nəzarətdə saxlayır. Türkiyə dronlarının texniki parametrləri elədir ki, sərhədə yaxınlaşmadan nəzarət apara bilirlər”.
Analitik vurğulayıb ki, Ermənistan sərhəd pozuntusu halında belə buna cavab vermək gücündən uzaqdır, çünki Türkiyə ilə gərginlik onlara lazım deyil: “Ermənistan əraziləri Avropanın, İranın, ABŞ-nin müşahidəçiləri ilə dolub-daşdığı bir mühitdə Türkiyə ordusunun buna nəzarət etmək məsələsi həm təbiidir, həm də Ermənistan üçün heç nəyi dəyişmir. Ermənistan hakimiyyətinin ictimaiyyətdən bu faktları gizlətməsi ermənilərdə türklərə qarşı əlavə qıcıq yaratmamaq məqsədi daşıyır. Eyni zamanda da öz zəifliklərini gizlətmək üçündür”.