900 manatlıq maaş tələsinə düşmək üçün… – Bəribaşdan 30 manat istəyirlər

Son zamanlar sosial şəbəkələrdə dələduzluq halları artmaqda davam edir.

Bunlar daha çox iş elanları formasında yayılır.

“Cebheinfo.az” həmin elanlardan birində göstərilən koordinatla əlaqə saxlayaraq iş elanının doğruluğunu yoxlayıb.

Elan bu məzmunda olub: “Qablaşdırıcı işi: xanımlar və bəylər tələb olunur.

900 manat maaş, maaş gündəlik və aylıq da verilir. Yemək və geyim şirkət tərəfinden verilir. Yaş həddi:

16-65 yaşa qədər, parttime da işləyə bilərsiniz, gecə və gündüz növbəsi var. Gecə növbəsi 23:00-07:00, səhər növbəsi – 09:00-18:00. Eviniz, əraziniz hara yaxındısa, ora təyin olunursunuz. “20 Yanvar”, “Neftçilər”, “Koroğlu”, Sulutəpə, Xırdalan, NZS, “Həzi Aslanov”, “28 May”, “İnşaatçılar”, Məhəmmədli, Binə. Əlaqəni votsapda qurun”.

Göründüyü kimi, bütün şərtləri işçi üçün uyğunlaşdıran şirkət 900 manat maaş təklifi ilə diqqəti cəlb etməyi bacarıb. Əlaqə vasitəsi olaraq verilən telefon nömrəsi Azərbaycana aid deyil və ancaq votsapla danışmaq mümkündür. Həmin nömrə ilə əlaqə saxladığımız zaman süni intellektlə yazıldığı bəlli olan səs yazısı təqdim olundu və elanın mətni təkrar edildi.

Ardınca elan sahibi bizdən şəxsi məlumatlarımızı göndərməyimizi və təsdiq üçün 30 AZN ödəməyimizi tələb etdi. Şirkətin təmirdə olduğu və rəsmi qeydiyyatda olduğu bildirildi.

Göründüyü kimi, elanın sosial şəbəkələrdə paylaşılan mətnində qeydyyat üçün 30 AZN ödənilməsinə dair şərt yoxdur. Beləliklə diqqəti 900 manat maaşla cəlb edən “şirkət” daha sonra işə ehtiyacı olanlardan qeydiyyat üçün 30 AZN və şəxsi məlumatlarını göndərməyi tələb edir.