Yeraltı nəqliyyatın YER ÜSTÜNDƏKİ PROBLEMLƏRİ… – NƏ ETMƏLİ?

Son günlər Bakı metrosunda qatarların gecikməsi ilə bağlı problemlər artıb. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bunu sərnişin çoxluğu ilə izah edir. Onun sözlərinə görə, hər vaqon 300-dən çox sərnişin tutumuna malikdir. Sərnişin sayı isə günbəgün artmaqdadır.

“Bakı Metropoliteni” öz tutumundan daha artıq sərnişin qəbul edir: “Bunun da belə olmasının səbəbi mövcud infrastrukturdan başlayır. Bakı şəhəri böyüyür və inkişaf edir. Bu da bir sıra təzadlara zəmin yaradır. Dünya praktikasına nəzər salsaq, metropolitendə sərnişin daşıyan xətlər müstəqil hərəkət edə bilir. Onun öz elektrik deposu və infrastrukturu olmalıdır. Lakin Bakı metrosunda əsas sərnişin daşıyan “qırmızı” və “yaşıl” xətlər “28 May” stansiyasında birləşirlər. Həmçinin “Bakı Metropoliteni”nin 2 xəttinin cəmi bir deposu var. Bu da metropolitenin müvafiq normalarının pozulmasına səbəb olur. Əslində isə hər xəttin 20 km-dən bir öz elektrik deposu olmalıdır. Lakin bizim metropolitendə bu imkanlar yoxdur. Bizim metronun “qırmızı” və “yaşıl” xəttində 34 kilometrdən bir elektrik deposu var. Bu səbəbdən də sərnişin sıxlığı və müəyyən nüanslar olanda, hərəkət qrafiki pozulur”.

Yəni anlaşılan odur ki, Bakı metrosunun problemi yerin altında yox, daha çox üstündədir… Yəni yerüstü nəqliyyatın problemidir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, Azərbaycanda metro şəbəkəsinin genişləndirilməsinə çox ciddi ehtiyac var: “Yerüstü nəqliyyatdan daha təhlükəsiz və daha rahat olanı yeraltı nəqliyyatdır. Çünki heç bir yerdə kəsişməsi, işıqfor yoxdur, dayanmır və kiməsə yol vermir. Ümumilikdə metro rahat və təhlükəsiz sərnişindaşıma növüdür. Təəssüf ki, Azərbaycanda metro şəbəkəsi çox zəif qurulub. Keçmiş MDB məkanında SSRİ-nin tərkibində olanda Azərbaycana qarşı bu sahədə ögey münasibət olub. Bakının ərazisi Ermənistanın paytaxtı İrəvandan 12 dəfə böyükdür, əhalisi də çoxdur. Lakin İrəvanda, Kiyevdə və Tiflisdə metrostansiyaların sayı Bakıdan daha çoxdur. Göründüyü kimi, Bakıya qarşı həmişə ögey münasibət olub. Bakıda metro stansiyalarını yalnız o məqsədlə tikiblər ki, fəhlələr neft buruqlarına rahat gedib gəlsinlər və neft çıxarsınlar. Bir sözlə, Bakıda sistemli iş görülməyib. Metro stansiyalarının qurulma şəbəkələrinə nəzər salın: “İçərişəhər” sonuncu xətt olur. Qara Qarayev istiqamətində, 20-ci sahədə, Bayılda xeyli sayda insan yaşayır, amma metro yoxdur. Həmçinin Sumqayıt-Abşeron və Xırdalan istiqamətində metro xətti yoxdur. Buna görə də Bakı şəhəri üçün 60-a yaxın metro stansiyası lazımdır. Bakının Baş planında nəzərdə tutulur ki, 2040-cı ilə qədər bu rəqəm 46-47-yə çatdırılsın. Bundan sonra 20 yeni metro stansiyası tikilsə, çox böyük dəyişiklik olacaq. “Koroğlu nəqliyyat mübadilə məntəqəsi”ndə Bakı Nəqliyyat Agentliyi çox ciddi səhvə yol verdi. Bakı kəndlərindən gələn bütün avtobusları həmin məntəqəyə yığdı. Həmin məntəqəyə eyni anda 10 avtobus daxil olanda və onların hərəsindən 50 nəfər düşəndə, bu, 500 nəfər sərnişin deməkdir. 500 nəfər eyni vaxtda metroya daxil olanda onun bu qədər sərnişini daşımağa gücü çatmır. O zaman “Bakı Metropoliteni” də bu məsələnin onlarla müzakirə edilmədiyini etiraf etdi”.

Ekspert bildirir ki, sərnişinlərin çoxluğu və axın etməsinin də müəyyən həll yolları var. Həll yollarından biri odur ki, bəzi avtobusların son dayanacağı “Koroğlu” stansiyası yox, “Qara Qarayev”, “Neftçilər” olsun: “Əvvəl elə idi deyə, “Koroğlu”da o effekt yaşanmırdı. “28 May” stansiyasında da bu hal yaşandı. Çünki “28 May” nəqliyyat mübadilə məntəqəsi artıq işə düşüb və “Koroğlu”da yaşananların eynisi baş verir. Nəticədə bir dəfəyə xeyli sayda sərnişin daşınmasına Bakı metrosunun gücü çatmır. Mən bir ay öncədən bu problemlərin yaşanacağını deyirdim. Çünki həmin ərazi “qaynar nöqtədir”. Buna görə də avtobusların son dayanacağı fərqli-fərqli yerlərdə olmalıdır. Bu məsələlər riyazi hesablama əsasında həll oluna bilər. Xronometraj aparmaq, sorğu keçirmək, gündəlik kameraların nəticələrinə baxmaq lazımdır. İzləmək lazımdır ki, pik və qeyri-pik saatlarda metroya nə qədər adam daxil olur və s. Onun əsasında intervalı elə təyin etmək olar ki, sıxlıq yaşanmasın. Bunları təhlil etmək çətin deyil.

2040-cı ilə qədər 20 stansiyanın tikiləcəyini fantastik göstərici kimi qəbul edirəm. Ola bilsin ki, qonşu ölkələrin təcrübəsindən istifadə etsin. Məsələn, orada il ərzində 3 stansiya istifadəyə verilir. Bizdə də 16 il ərzində 20 stansiya tikəcəklərsə, deməli, il ərzində 2-3 stansiya istifadəyə veriləcək. Bizdə isə çox pis təcrübə var. Bir stansiyanı ən tez 3 ilə təhvil verirlər. 8 Noyabr stansiyası 10 ilə başa gəldi. Halbuki razılaşmada Ceyhun Səlimov küçəsinin bağlanması üçün 3 illik icazə alınmışdı. Nəticədə Tiflis prospekti çökürdü. Yalnız stansiya açılandan sonra yolun yükü azaldı. Hazırda bir neçə stansiyanın tikintisi müəyyən səbəblərə görə dayanıb”.

Xatırladaq ki, dekabrın 4-ü axşam saatlarında Bakı metrosunda nasazlıq yaranıb. Belə ki, “yaşıl xətt” üzrə “Əhmədli”-“Dərnəgül” marşrutu ilə hərəkət edən qatar “28 May” stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib. Bu səbəbdən “28 May” stansiyasında sərnişinlər düşürülüb. Sıxlığın tənzimlənməsi bir saat davam edib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, qatardakı texniki nasazlıqla bağlı komissiyanın xüsusi araşdırma iclası olacaq: “Metropolitendə bir qayda olaraq istənilən hadisə texniki qaydada araşdırılır. “28 May”da baş verən hadisə ilə bağlı təkcə texniki nasazlıq deyil, həmin vaxt işçi heyətin operativ reaksiyasına, öz vəzifə təlimatına uyğun işləri vaxtında yerinə yetirməsinə, maşinistin doğru qərar verib-vermədiyinə, həmin vəziyyəti operativ qiymətləndirmə sürətinə kompleks baxılır. İlkin olaraq işçi personalının rejimi araşdırılıb. “28 May” sərnişinlərin ən sıx olduğu stansiyalardan biridir və hadisə pik vaxtda baş verib. Maşinist həmin vaxt doğru qərar verib. Sadəcə olaraq, sərnişinlərin vaqonlardan düşürülməsi uzun vaxt aparıb.

Qatardakı nasazlıqla bağlı deyim ki, həm köhnə, həm də yeni nəsil qatarlarımızda müasir sistemlər quraşdırılır. Bu sistemlər bəzi nasazlıqları öncədən xəbər verir. Dünən də maşinist ötürücüdən bu məlumatları alıb və təlimat qaydalarına uyğun olaraq sərnişinləri dərhal düşürüb. Hazırda ötürücüdə baş vermiş yanlış göstərmə araşdırılır. Əsas problem odur ki, “28 May” stansiyası “yaşıl” və “qırmızı” xətlərin kəsişərək birləşdiyi stansiya olduğundan bu hadisə nəticəsində “Dərnəgül” və “İçərişəhər” istiqamətində əsaslı yubanmalar olub. Bakı şəhərinin Baş planına uyğun olaraq xətlər mütləq ayrılmalı, yeni stansiyalar inşa olunmalıdır. Xüsusən Nərimanov elektrik deposundan başqa Dərnəgül elektrik deposu da inşa olunmalıdır ki, Dərnəgüldən Əhmədli stansiyasına qədər olan sahədə problemlər yaranmasın”.