“Ankara Medik LAB” klinikası qanunsuz fəaliyyət göstərməkdə israr edir – TƏFƏRRÜAT

“Ankara Medik Lab” klinikası lisensiyasız çalışaraq dövlətə cərimə ödəməklə fəaliyyət göstərməyə üstünlük verir…

Gəncədə fəaliyyət göstərən “Ankara Medik LAB” MMC lisenziyasız fəaliyyət göstərdiyinə görə ikinci dəfə məhkəməyə verilib.

Poliqon xəbər verir ki, inzibati xətalar haqqında müraciətə Gəncə şəhər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə baxılacaq.

“Ankara Medik LAB” şirkətinə qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1 maddəsinin tələblərini pozduğuna görə məhkəmə iddiası qaldırılıb.

Qeyd edək ki, Əhalinin Sanitariya-Gigiyena Və Sanitariya-Epidemioloji Salamatliği Qaydalari Əleyhinə Olan Inzibati Xətalara aid olan həmin maddədə lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə məsuliyyət nəzərdə tutulur.

Xatırladaq ki, “Ankara Medik Lab” klinikası bundan əvvəl “Mediclub” MMC-nin əmtəə nişanından qanunsuz olaraq istifadə etdiyinə görə məhkəməyə verilmişdi.

Bu ilin sentyabr ayında isə Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Səhiyyə Nazirliyinə Gəncə şəhəri, Atatürk prospekti 264 ünvanında yerləşən “Ankara Medik Lab” klinikasının lisenziyasız fəaliyyət göstərməsinə dair müraciət edilib.

Nazirliyin Tibbi Nəzarət şöbəsinin klinikada apardığı plandankənar yoxlamalar zamanı tibb müəssisəsinin həqiqətən lisenziya olmadan fəaliyyət göstərməsi aşkar edilib. Bundan sonra klinikanın rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 210-cu (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. Protokol daha sonra Gəncə şəhər Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə klinika 20 min manat cərimə edilib.

Belə görünür ki, “Ankara Medik Lab” klinikası qanunsuz çlışaraq dövlətə cərimə ödəməklə fəaliyyət göstərməyə üstünlük verir.