Baş konsul: “İğdır-Naxçıvan qaz kəmərinin tikintisi tamamlanıb”

 İğdır-Naxçıvan Qaz Boru Xəttinin tikintisi qrafika uyğun olaraq vaxtında tamamlanıb və yaxın zamanda rəsmi açılışı planlaşdırılır.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya Naxçıvanda keçirilən Dünya Türk Qəhvəsi Günü münasibətilə tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, 2023-cü il sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan Qaz Boru Xəttinin təməli qoyulub: “Bu ilin sentyabr-oktyabr aylarına qədər qaz kəmərinin tikintisinin tamamlanması nəzərdə tutulurdu və işlər gözlənildiyi vaxtda yekunlaşdı. Beləliklə artıq Naxçıvana təbii qaz Türkiyə üzərindən gələcək. Bu, muxtar respublikanın enerji təhlükəsizliyində böyük rol oynayacaq”.

Baş konsul qeyd edib ki, yaxın zamanlarda Türkiyənin önəmli banklarından biri olan “Ziraat Bankı” da Naxçıvanda fəaliyyətə başlayacaq: “Artıq bank filialının lövhəsi yerləşdirilib. Gələn ilin yanvar ayında təmir işləri yekunlaşdıqdan sonra fəaliyyətə başlayacaq. Bu da Naxçıvanda iqtisadi və ticari inkişaf baxımında önəmli addım olacaq”.

Qeyd edək ki, İğdır-Naxçıvan Qaz Boru Xəttinin inşasına qərar 2020-ci il dekabrın 25-də Ankarada imzalanmış anlaşma memorandumu ilə verilib. İllik ötürmə gücü 730 milyon kubmetr olan bu boru kəməri Naxçıvanın qaz tələbatını tam ödəyəcək. Layihənin Azərbaycan hissəsinin tikintisini Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Türkiyə hissəsini isə BOTAŞ şirkəti həyata keçirirdilər.

İğdırdan Sədərək rayonuna qədər boru kəmərinin uzunluğu təxminən 100 km təşkil edir. Azərbaycan hissəsinin uzunluğu 17 km, Türkiyə hissəsinin uzunluğu isə 80 km-dən çoxdur. Kəmərin Azərbaycan hissəsinin tikintisi 2023-cü ilin iyul ayında başlanıb.

Sədərək qazpaylayıcı stansiyası “Revers” tipindədir, yəni qazı həm qəbul, həm də ixrac edə bilir. Burada da tamamlanma işləri yekunlaşmaq üzrədir və ilin sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır.