Bu yaxınlarda 70 yaşı tamam olan Əməkdar jurnalist, professor Qulu Məhərrəmli APA-ya müsahibə verib.
Modern.az-ın məlumatına görə, professor AzTV-də işlədiyi vaxt qurumun rəhbəri Arif Alışanovla aralarındakı münaqişədən bəhs edib.
Müsahinənin həmin hissəsini təqdim edirik:
– (Arif Alışanovla) İntriqaların kökləri hara gedib çıxır?
– Nizami Xudiyev idarəçiliyi bilən adam idi, amma televiziyadan çox baş açmırdı. Televiziyanı öyrənənə yaxın onu işdən azad etdilər. Bütün rəhbərlər çox itaətkar əməkdaşlarla işləmək istəyirlər. Amma bunu yaradıcı adamlara çox tətbiq etmək olmur. Məsələn, yaradıcılıq “letuçkalarında” təkliflər deyilirdi. Mən Prezidenti səfərlərdə müşayiət edirdim və informasiyam kifayət qədər çox idi. Elə yaradıcılıq məsələləri olurdu ki, həm tənqidi yanaşırdım, həm də təkliflərimi verirdim. Bəziləri nəzərə alınırdı, bəziləri yox. Amma, eyni zamanda, qəbul edirdilər ki, bu adamın öz fikri var… Bir dəfə “Xəbərlər”də altı dəqiqəlik süjet gördüm: hansısa şair televiziyaya gəlib, studiyaları gəzib, bəyənib və s. “Letuçkada” bunu çox kəskin tənqid etdim ki, bu, xəbərlərə aid deyil, xəbərlərdən sonra bir süjet kimi verə bilərsiniz. Xudiyev “letuçkadan” sonra məni saxladı və niyə tənqid etdiyimi soruşdu. İzah elədim və onu inandırmağı bacardım. Bu onun üstün cəhətlərindən biri idi. Həm də insanlara qiymət verməyi bacarırdı. Məsələn, məni çox da sevmirdi. Amma sonralar baxdı ki, dediklərim televiziyanın xeyrinədir. Nizami Xudiyev gedənə yaxın bildi ki, mən kiməm. Bilirsən, fərqlənirsənsə, sənin müxaliflərin də çox olur. Ki, niyə Qulu bizim kimi deyil. Məsələn, elə çıxışlar olurdu, mən onlardan imtina edirdim. Xüsusən, söyüş kampaniyalarında iştirak etmirdim. Jurnalistlərin vəzifəsinə aid olmayan bütün vəzifələrdən imtina edirdim. Hamısıah rəhmət eləsin, Xudiyev məni başa düşürdü.
– Deməli, Alışanovla aranızdakı qalmaqalın əsas səbəbi onun sizi başa düşməməsi olub… Arif Alışanov təyin olunan gündən söz-söhbət başladı, ya sonralar?
– Alışanov televiziyaya sədr gələndə hamı kimi biz də sevinirdik. Çünki televiziyada böyümüş adam idi. Düzdür, yaradıcı menecmenti bilmirdi, amma güman edirdik ki, uyğun adamları müvafiq yerlərə təyin etməklə işi apara biləcək. Qısa müddət sonra məlum oldu ki, bu adamın yaradıcı təfəkkürü olmadığına görə, televiziyanı idarə edə bilməyəcək. Hərdən iradlarımızı bildirirdik. Sonra sifariş gəldi ki, o tənqidləri eləmə. Dedim, baş üstə, təklikdə deyərəm, amma mütləq demək lazımdı… Mənə qədər çox yaradıcı adamları işdən çıxartdı. Hicran Hüseynovla Məmməd Aslanı işdən çıxardanda xahiş etdim ki, belə eləmə. Amma məhəl qoymadı. Uşaq deyiləm ki, görürdüm, növbə mənə yaxınlaşır. Özündən xahiş etmişdim ki, məni çıxartmamışdan xəbərdar elə, işimi bilim.
– Bəlkə də, nələrsə onu qıcıqlandırırdı. Məsələn, Sizə olan hörmət və s. Özü bunu etiraf etmişdi?
– Alışanovun məni “Səhər proqramları”ndan “Müəllif verilişləri” departamentinə keçirməsi söz-söhbətlə qarşılanmışdı. Şair Qabilin yasına mənimlə getdi. Göstərmək istəyirdi ki, aramız dəyməyib. Amma qulağıma çatmışdı ki, məni işdən çıxaracaq. Hüzrdə Xəyyam Mirzəzadə ilə üzbəüz əyləşdik. Xəyyam müəllim mənimlə görüşdü, Ariflə görüşmədi. Bir az keçdi, Xəyyam müəllimə Arifi təqdim etdim. Dedi, tanıyıram da, Arif müəllim orda mühasibatlıqda işləyirdi, elə deyil? Arif çox dilxor oldu. Xəyyam Mirzəzadə sözünə davam elədi: “Arif müəllim, inciməyin, amma AzTV-nin sədri postu sizlik deyil. Ora Qulu Məhərrəmli kimi hərtərəfli adam lazımdır”. Xəyyam müəllim bu sözlərlə mənim fatihəmi verdi. Arif də uşaq deyil, başa düşürdü ki, Xəyyam müəllim ictimai fikri deyir. Hüzrdən çıxanda Arifə dedim ki, Xəyyam müəllim də heç yaxşı iş görmədi. Arif çox dərin kədər içində dedi ki, düzünü deyir də… Bilmədim, mənə ironiya edir, ya öz həyatına… Televiziyanın onurğasını qırdı, həyatını ora bağlamış insanları hörmətsiz şəkildə işdən çıxardı. Yaradıcı kadrların qətliamını həyata keçirdi. Təəssüf ki, buna göz yumurdular. Televiziyanın çox böyük büdcəsi var idi. Alışanov büdcəni 50-60 milyona qaldırmışdı. İşçilərin maaşı cəmi 8 milyon təşkil edirdi, amma heç kim maaş almırdı. Çox ciddi şəkildə yoxlayan olsa, Hamısıah bilir, nə ola bilər… Məni də özünəxas köntöylüklə işdən çıxardı. Müqavilə müddətimin bitməyinə iki-üç gün qalmış kadrlar şöbəsindən xəbər göndərdi ki, onunla işləmək istəmirəm, ərizəsini yazıb, getsin. Heç təəccüblənmədim. Demişdi ki, bu gün saat 8-ə qədər buranı tərk eləsin. Heç düşmən düşmənlə belə davranmazdı… Onda “Xəzər” televiziyası ilə əməkdaşlıq edirdim. Elə bu söhbətin səhərisi “Xəzər”də işə başladım.
– İllər sonra Alışanovla aranızda məhkəmə söhbəti oldu və bu, ölkədə çox müzakirə olunan məsələyə çevrildi. Bu qədər müddət sonra məsələnin açılmasının səbəbi nə idi?
– 2015-2016-cı illərdə AzTV-də gedən prosesləri görürdüm. O dövrdə “İctimai” televiziyanı da AzTV-nin quyruğuna bağlamışdılar. Rüşvət baş alıb getmişdi. “İctimai”dən AzTV-yə pullar daşınırdı. 2016-cı ildə saytlardan birinə müsahibə verərkən Arif Alışanovu və AzTV-nin fəaliyyətini çox kəskin tənqid etdim, sərt ifadələr işlətdim. Arif məni həm inzibati məhkəməyə vermişdi, həm də Yasamal Rayonu Məhkəməsində 147-ci maddə ilə cinayət işi açdırmışdı. Bir il məhkəmə davam etdi.
– İnzibati məhkəmənin axırı necə oldu?
– Şikayətində 100 min cərimə tələb edirdi. Özü də çox humanist şəkildə yazmışdı ki, məndən alacağı pulu uşaq evlərinə verəcək. Jurnalistlər onun bu humanist niyyəti ilə bağlı fikrimi soruşanda dedim ki, çox yaxşı təklifdir, amma zəhmət çəksin, bu xeyirxahlığı öz pulu ilə eləsin, mənim pulumla yox… Məhkəmə çox müsbət yekunlaşdı. Hüquqşünas dostlarımın köməyi ilə işim uğurlu oldu. Məlum oldu ki, bu iş Məhkəmə Ekspertizası Mərkəzinə verilməlidir və onlar burda təhqirin olub-olmadığını müəyyənləşdirməlidir. Mərkəzdən cavab gəldi ki, təqsirli bilinən şəxs elə adamdır ki, biz onun müsahibəsində təhqirin olub-olmamasını müəyyənləşdirə bilmərik, çünki bu adam həm jurnalistdir, həm də Dilçilik İnstitutunda şöbə müdiridir, professordur, elmlər doktorudur. Sonra işi Dilçilik İnstitutuna yolladılar, razılaşmadım, dedim, olmaz, mən buranın işçisiyəm… Daha sonra iş Bakı Dövlət Universitetinə göndərildi. Arifin də BDU-da adamları var idi. Uşaqlarını ali məktəbə hazırlayan dilçilərdən ibarət ekspert heyətinin formalaşdırılmasına nail oldu. Düzdür, mən onların əleyhinə iddia verdim, amma çox obyektiv oldular. Nəticədə, yazdılar ki, düzdür, müsahibədə təhqirəbənzər elementlər var, amma ümumilikdə, müsahibənin məqsədi kimisə təhqir etmək deyil.
– Qarşı tərəf hansı ifadəni əsas gətirərək şikayət eləmişdi?
– Başlığa çıxarmışdılar ki, Arif Alışanovda insan yaramazlığının tükənməz potensialı var. Bu da Dostoyevskidən gəlmə bir cümlə idi. Təbii ki, onun Dostoyevskidən xəbəri yoxdur. Məhkəməyə də yazmışdı ki, Vaqif Mustafayevin “Yaramaz” filmi var. Bu, keyfiyyətdir. Sözün kökü də “yaramaq”dır. Bir var yarayan adam, bir də var yaramaz adam…
– Bir illik məhkəmədə nələr imtahan olundu?
– Bu proses həm dilçiliyimizin imtahanı idi, həm dostların sınağı idi, həm də özümün.
– Sınaqdan kimlər üzüağ çıxa bilmədi?
– Məhkəmədən əvvəl mənim əleyhimə üç saatlıq video çəkib yerləşdirmişdilər. Keçmiş iş yoldaşlarımın mimikalarına baxmaq üçün həmin videoya nəzər yetirdim. Necə əzab çəkirdilər o sözləri deyəndə… Yəqin, onlara təzyiq olunurdu… Həm də elə bilirdi, ona məhəl qoymayıb işçilərlə davaya çıxacam. Amma bu, mümkünsüz idi… Gözləmədiyim insanlar müdafiəmə qalxdı. Elə AzTV-nin özündə bir qrup gənc əleyhimə danışmaqdan imtina etmişdi. Əhməd Oğuz, Azad Müzəffərli, Fazil Hadıyev kimi parlaq şəxslər də bu kampaniyaya qoşulmadılar. Təəssüf ki, çörək kəsdiyimiz, etimad göstərdiyimiz, vəzifədə irəli çəkdiyimiz, işə qəbul etdiyimiz, çox böyük qayğı göstərdiyimiz şəxslər kişilik, ləyaqət sınağından çıxa bilmədilər. Dostlar arasında da tamaşaçı qismində seyr edənlər oldu. Amma eyni zamanda yeni dostlar qazandım. Savadlı hüquqşünaslarla tanış oldum.