Almaniya Gürcüstanla kredit əməkdaşlığından imtina edib

 Almaniya siyasi səbəblərdən Gürcüstana dövlət səviyyəsində kredit dəstəyi verilməsindən imtina edib.

Bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq məsələləri üzrə naziri Svenja Şulze sosial şəbəkədə bildirib.

“Bu hökumətlə (Gürcüstan) inkişaf məqsədli əməkdaşlıq artıq həyata keçirilə bilməz. Gürcüstandakı bütün layihələr nəzərdən keçirilir. Yeni layihələr həyata keçirilməyəcək və kredit sazişləri imzalanmayacaq. Biz Avropa İttifaqı və tərəfdaşlarımızla koordinasiyada əlavə addımlar ata bilərik”, – nazir qeyd edib.

Almaniya Gürcüstanın əsas ikitərəfli kreditorlarından biridir. Oktyabrın 1-nə Gürcüstanın Almaniya qarşısında xarici borcu 617,6 milyon dollar təşkil edib. Bu da Gürcüstanın ümumi xarici dövlət borcunun (9,03 milyard dollar) təqribən 7 %-ni təşkil edir.