Erməni terrorçuların başçısı Azərbaycanla sərhədə gəldi – VİDEO

Ermənistandakı “Yerkrapa” Könüllülər Birliyinin başçısı, deputat Sasun Mikayelyan Azərbaycanla sərhəddə yerləşən mövqelərə baş çəkib.

Bu barədə erməni Teleqram kanallarının məlumatında bildirilib.

Qeyd edilib ki, Sasun Mikayelyan “Yerkrapa” batalyonlarının döyüş mövqelərinin dayaq məntəqələrinə baxış keçirib.

O, döyüş növbətçiliyində olan “Yerkrapa” üzvlərinin mənəvi-psixoloji durumu ilə maraqlanıb.

“Yerkrapa” Könüllülər Birliyi Azərbaycana qarşı müharibədə fəal iştirak edən terror təşkilatıdır.

“Yerkrapa” hər il Ermənistan büdcəsindən külli miqdarda vəsait alır.

2020-ci ildə Azərbaycanla 44 günlük müharibədə bu təşkilatın 74 üzvü ölüb, 114 üzvü yaralanıb.

Müharibədən sonrakı dövrdə təşkilatın 4000-dən çox könüllüsü Ermənistan Müdafiə Nazirliyinin tərkibində müxtəlif döyüş mövqelərində döyüş vəzifəsini yerinə yetirir. Onlar müxtəlif yaş qrupundandır.

“Yerkrapa” təşkilatı 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində fəal iştirak etmiş könüllü erməni hərbçiləri birləşdirən terror qurumudur.

“Yerkrapa” Ermənistanda qeyri-hökumət təşkilatı hesab olunur və dövlətdən qrant alır.

Keçmiş müdafiə naziri Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi ilk vaxtlarda 6 min erməni döyüşçüdən ibarət idi.

Sonradan Ermənistanda ciddi nüfuz qazanan “Yerkrapa”ya qoşulan könüllülərin sayı 30 minə çatmışdı.

Vaxtilə “Yerkrapa” Ermənistanda siyasətə də ciddi təsir edə bilən güclü təşkilat sayılırdı. Lakin eks-müdafiə naziri Vazgen Sarkisyanın ölümündən sonra “Yerkrapa”nın Ermənistan siyasətində təsiri azalmağa başladı.

Vazgen Sarkisyandan sonra – 1999-cu ildə təşkilata azərbaycanlılara qarşı qəddarlığı ilə tanınan Manvel Qriqoryan rəhbərlik edib. M.Qriqoryan Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində fəaliştirak edib.

Təşkilat 2016-cı ilin “Aprel döyüşləri”, eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdi.

Erməni general 2020-ci ili noyabrında – II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra infarkt keçirərək ölüb.

Hazırda terror təşkilatına Ermənistan parlamentinin deputatı Sasun Mikayelyan rəhbərlik edir.