Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə nail oldu

 
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar planetin sağlam gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə yekunlaşması üçün Azərbaycan bütün qüvvəsini səfərbər etdi, bu böyük və mötəbər tədbirin öhdəsindən uğurla gəldi, yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə ölkəmizə rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti uğurla başa çatdı. Hələ COP29 ərəfəsində dünya ABŞ və Avropa İttifaqının, Qərbin məsuliyyətdən yayınmaq üçün məsələni siyasiləşdirmək, yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu. Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları kimi dövlətlərin ayrı-ayrı rəsmiləri və həmin dövlətlərin birbaşa himayəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları yenidən insan haqları və demokratiya pərdəsi altında tədbirin əsl mahiyyətindən diqqəti yayındırmaq və Azərbaycana qarşı yeni təzyiq dalğası başlatmağa cəhd göstərirdilər. Bütün maneələrə baxmayaraq ölkəmiz prosesin öhdəsindən əzmlə, layiqincə gəldi. Xüsusən COP29 ərəfəsində Azərbaycana qarşı intensivləşən təzyiq, qarayaxma və böhtan cəhdləri fonunda Azərbaycanın sədrliyində əldə olunan və bu günə qədərki COP-larda rekord hesab edilən nəticə imperialist dairələrə verilən ən sərt cavab idi.
Diqqət çəkən məqamlardan biri də o oldu ki, maliyyə hədəfinin müəyyən olunması prosesinin gərgin keçməsinin əsas səbəbkarı Avropa İttifaqı və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen idi. O, Bayden Administrasiyası ilə razılaşdırılmış şəkildə Avropa İttifaqının iqlim dəyişmələrinə qarşı mübarizə məqsədlərinə mümkün qədər az vəsait ayrılmasının qərarlaşdırıldığını bilirdi və məhz buna görə Bakıya gəlmədi.
Aİ-ni təmsil edən Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 sammiti çərçivəsində Bakıya səfəri zamanı iqlim dəyişmələri ilə bağlı beynəlxalq əməkdaşlığın müzakirə edilməli olduğu halda, əsas diqqətini Azərbaycana tənqidlər ünvanlamağa yönəltdi. Mətbuat konfransı keçirib Azərbaycanda insan haqlarından danışdı, Azərbaycan müxalifəti və Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Sonuncu gün COP29-un müzakirələri zamanı isə yalnız gərginlik yaratmaqla məşğuı oldu.
COP29-da davam edən səmərəli və gərgin müzakirələr öz nəticəsini verdi. Ancaq beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında aparıcı Qərb dövlətləri güzəştə getməli oldular. Digər tərəfdən inkişaf etməkdə olan ölkələr də kompromisə getdilər. Tarixi razılaşmalar məhz Bakıda əldə olundu. Belə ki, Bakı COP İtki və Zərər Fondunun 10 ilə yaxındır müzakirə olunan karbon bazarına dair çoxdan gözlənilən Paris Sazişinin 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsilə tarixə düşdü. Bakı 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Yəni, Bakıda COP-larda əvvəlki 100 milyard dollarlıq hədəfdən üç dəfə çox maliyyə dəstəyinə nail olundu ki, bu da iqlim dəyimələri ilə mübarizədə töhfə olacaq.
Bu, Sədrliyin ilin ən önəmli prioritetlərindən biri idi və tərəfləri bu mühüm nailiyyətə çatdırmaq üçün intensiv, ikili yol üzrə texniki və siyasi danışıqlar aparılıb. Bu strategiya illərlə davam edən çıxılmaz vəziyyəti aşdı və Paris Sazişində qalan son məsələnin həllini təmin etdi. Paris Sazişinin 6-cı maddəsi iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edən ölkələrə möhkəm və şəffaf karbon bazarları təmin edir. Bu transsərhəd əməkdaşlığın ölkələrin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir. Eyni zamanda, COP29 Sədrliyi Tərəfləri qənaət edilən bu məbləği daha böyük iqlim ambisiyalarına yenidən investisiya etməyə çağırır. NDC-nin növbəti nəsli, qəbulunun fevral ayında baş verməsi gözlənilir, 1,5 dərəcə istiləşmənin hədəf çərçivəsində saxlanılması üçün taleyüklü əhəmiyyət kəsb edir. Bugünkü mühüm mərhələ ölkələrin öz iqlim planlarında daha ambisiyalı öhdəliklər götürməsinə kömək edəcək şəkildə, vaxtında, nəticəsi böyük səylə əldə edilib. Qlazqo və Şarm əl-Şeyxdə keçirilən COP-larda karbon bazarları üçün mühüm qaydalar, şərtlər və prosedurlar müəyyən edilsə də 6-cı maddənin yekun əsas elementləri həll edilməmiş olaraq qalırdı. COP29-dan əvvəl bu danışıqlar çıxılmaz vəziyyətə düşmüşdü, bu da iqlim sahəsində daha sıx beynəlxalq əməkdaşlığa gedən yolun tam fəaliyyətə başlamasında bahalı bir gecikməyə səbəb olmuşdu.
COP29 Sədrliyi əvvəlki çoxtərəfli çıxılmaz vəziyyətləri aradan qaldıran məqsədyönlü bir yanaşma tətbiq etdi. İl boyu Sədrlik Tərəflər arasında məhsuldar qarşılıqlı əlaqələri asanlaşdırdı və konsensusa nail olmaq üçün texniki və siyasi müzakirələri bir araya gətirərək tərəqqiyə kömək etdi. Bu, COP29-un ilk günündə 6.4-cü maddənin standartlarının erkən qəbulu üçün zəmin yaratdı və bu da öz növbəsində bugünkü irəliləyiş üçün təkan verdi. COP29-da 300 mlrd. dollar maliyyə hədəfi həqiqətən tarixi nailiyyətdir və qarşıdan gələn dövrdə bu məbləğin daha da artırılması üçün zəmin yaradıldı.
Bütün maneçiliklərə baxmayaraq, Azərbaycanın ev sahibliyli ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu və iqlim dəyişmələri ilə mübarizəyə önəmli töhfələri sayəsində yadda qalacaq. Ölkəmiz ötən il ev sahibliyi statusu qazanarkən nümayiş olunan etimadı ən yüksək səviyyədə doğrultdu. BMT Baş katibi Antonio Quttereş də uğurlu təşkilatçılığa görə Azərbaycana təşəkkürün bildirərək, COP29 razılaşmasının iqlim dəyişmələri ilə mübarizədə gələcək addımların əsasını qoyduğunu bildirib. Bir sözlə uğurlarımızı həzm edə bilməyən dairələr qısqanclıq, paxıllıq, riyakarlıq, simasızlıq etsələr də COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin növbəti diplomatik və siyasi uğuru kimi tarixə düşdü
 
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü
 
 



Mənbə