Kiçik ada dövlətlərinin Sammitində ciddi problemlər müzakirə edildi

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan Kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş G20 ölkələrinin dünyada hava çirkləndiricilərinin 80 faizinin yaranmasına cavabdeh olduğunu deyib. “Sizin qəzəbli olmağa tam haqqınız çatır, mən də qəzəbliyəm. Çünki baş verən bu ədalətsizlik, dənizlərin səviyyəsinin yüksəlməsi sizin adaların gələcəyini təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata böyük zərbə dəyir. Bu ədalətsizliyə son qoyulmalıdır”.
Baş katib diqqətə çatdırıb ki, kiçik ada dövlətləri yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlmək üçün dəstəyə layiqdirlər. Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb olunur.
Qeyd edilməlidir ki, SIDS iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan həssas ölkələr kateqoriyasında yer almaqdadır. Adalardan ibarət və sahil ölkələrini öz sıralarında birləşdirən alyans dəniz səviyyəsinin artmasını və qlobal istiləşmənin digər fəsadlarını beynəlxalq müzakirələr gündəliyinə çıxarır. Alyansa 39 dövlət və beş müşahidəçi ölkə daxildir.
Sammitdə bildirilib ki, iqlim dəyişmələrindən ən çox əziyyət çəkənlər ada dövlətləridir. Qlobal temperaturun 1.5 dərəcədə saxlanması ada dövlətləri üçün olduqca vacibdir. Azərbaycan ada dövlətlərinin tərəfindədir. Onlara həmrəyliyimizi göstərərək Dayanıqlı İnkişaf Məqsədlərinin tam şəkildə icrasında birgə tədbirlərdə iştirak edəcəyik. Biz ümumi səylərlə Kiçik ada dövlətlərinin üzləşdikləri çətinliklərin, iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına nail ola biləcəyik.
Sammitdə kiçik ada dövlətlərinin iqlim dəyişikliyi səbəbindən üzləşdiyi böyük çətinliklərin, onların həssaslığının və xüsusi iqlim maliyyələşdirməsinə təcili ehtiyacının ön plana çıxarılmasının əhəmiyyətinə toxunulub. Paris Sazişini həyata keçirməyə dəstək olmaq üçün SIDS-in yeni iqlim maliyyələşdirməsi əhəmiyyətlidir. Konkret tədbirlər arasında SIDS üçün minimum illik 39 milyon dollar və digər inkişaf etməkdə olan ölkələr üçün 220 milyard dollar ayrılması yer alır. Bildirilib ki, dənizlərin səviyyəsinin yüksəlməsi ilə yaranan mövcud təhlükəni aradan qaldırmaq və qlobal temperatur artımını 1,5°C-də saxlamaq zəruridir.  
Prezident İlham Əliyev Bakıda keçirilən COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışında bildirib ki, “Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik”.
Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.
Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.
Həmçinin dövlət başçımız xüsusilə qeyd etmişdir ki, “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.
 
 
 Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
 
 



Mənbə