“COP29 bir daha sübut etdi ki, biz eyni gəminin sakinləriyik”

COP29 ətraf mühitin qorunmasında, qlobal təşəbbüslərin artırılmasında əhəmiyyətli bir tədbir olmaqla bərabər dünyanın gələcək ekosisteminin aqibətinə də aydınlıq gətirəcək. Konfrans zamanı iştirakçıların çıxışlarına, çox dəqiq yanaşmalarına nəzər salanda bu qənaətə gəlmək olar ki, COP29-dan gözləntilər böyükdür.

Bunu “Xalq Cəbhəsi”nə siyasi ekspert Əkrəm Bəydəmirli deyib.

O, qeyd edib ki, eyni gəminin sakinləri olan şüurlu, mövcud ekoloji vəziyyəti görən, bu, insanların hədəflərində ətraf mühitin qorunması ilə bağlı qabaqlayıcı planların olması zəruridir. Çünki müharibələr, yeni silahların sınaqdan keçirilməsi, ətraf aləmlə amansız rəftar və s. dünyanı fəlakətə sürükləyir. Sadə dillə desək COP29 bu amansız proseslərin qarşısını almağa və yeni sabit dünya düzəninin qurulmasına töhfə verməyə cəhd prosesidir:

“Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edərək, bu tarixi missiyaya öz töhfəsini verir. Çox müsbət haldır ki, hər bir əcnəbi qonaq Azərbaycanın postmüharibə dövründəki inkişaf modeli ilə, turizm potensialı, zəngin mədəniyyəti, milli musiqiləri, çeşidli mətbəxi ilə tanış olur. COP29 toplantısı həm də Azərbaycanın dünyaya yeni baxışını ortaya qoyub. Bütün təhdidlərə, təzyiqlərə baxmayaraq Azərbaycan gerçəkdən belə geniş miqyaslı toplantıya uğurla ev sahibliyi edir.

Qaldıki COP29 əleyhinə çıxanlara heç əhəmiyyət vermək lazım deyil. Həmin qüvvələrin istəyi qərəzdir, mahiyyəti qaranlıqdır. Ədalətsiz yanaşma ilə, qərəzlə, qaranlıq fikirlərlə dünyanın gələcəyini, ekologiyasını xilas etmək olmaz.

COP29 bir daha sübut etdi ki, biz eyni gəminin sakinləriyik. Bu gəmini, ətraf aləmi qorumaq şüurlu məxluq olan insan övladının vəzifəsi olmalıdır”.

Cavid