Kanadalı ekofəal və “Planetary Guardian” hərəkatının təsisçisi Philip McMaster COP29 sammitində qeyri-adi tərzdə olan geyimi ilə diqqət çəkib.
Bu, tədbirə şaxta baba paltarı ilə qoşulub.
Philip McMaster geyimi barədə danışıb və fərqli görkəmlə insanların iqlim mövzularına daha həssas yanaşma hədəflədiyini vurğulayıb: “Mən Santa Klaus deyiləm. Geyimimlə planetin nəsli kəsilməkdə olan pandalarına və iqlim dəyişikliklərinə diqqət çəkmək istəyirəm.McMaster Azərbaycanın potensial iqlim tədbirləri üçün mühüm bir platforma olduğunu qeyd edib: “Azərbaycana gəlmək, bu ölkənin təbii gözəlliklərini və unikal mədəniyyətini görmək təkcə zərurət deyil, həm də ilham mənbəyidir. İnsanların COP29 konfransı üçün Azərbaycana gəlməsini təşviq edirəm, çünki bu, həm də ölkənin iqlimlə bağlı qlobal müzakirələrdə rolunu möhkəmləndirəcək bir fürsətdir”.
Ekofəal əlavə edib ki, onun iqlim tədbirlərinə xüsusi vurğusu yalnız ekosistemin qorunmasına deyil, həm də insanların təbiətlə harmoniyada yaşamasına yönəlib. “İqlim dəyişmələri mövzusu sadəcə hava ilə bağlı deyil, bəşəriyyətin gələcəyinə və ümumi rifaha təsir edən bir məsələdir. Bakı və Azərbaycan təbii sərvətləri ilə bu mübarizənin ön sıralarında yer alaraq dünya ictimaiyyətinə nümunə ola bilər”, – o, dövlət qəzetinə müsahibəsində bildirib.
Kanadalı ekofəal Azərbaycan gənclərini iqlim tədbirlərində fəal iştirak etməyə çağırıb: “Gənclər bu planetin gələcəyidir və onların dəstəyinə ehtiyacımız var. Bu ölkədə gənclərin enerji və potensialı məni valeh edir. Onlar yerli ekoloji problemlərin həllində fəal iştirak edərək, həm Azərbaycanı, həm də dünyanı dəyişə bilərlər. İqlim dəyişmələrinə qarşı mübarizə təkcə elmi bir məsələ deyil, həm də hər kəsin iştirakı ilə kollektiv hərəkət tələb edir. Azərbaycan müxtəlif iqlim zonalarına malik olduğu üçün burada baş verən dəyişikliklər bütün planetə təsir edir. Bu ölkədə böyük potensial var – həm iqlim tədbirləri, həm də turizm baxımından. COP29 çərçivəsində belə möhtəşəm bir ölkənin təqdim olunması təkcə iqlim müzakirələri üçün deyil, həm də ekoturizmin inkişafı baxımından böyük addımdır”.