Ermənistan XİN: Bakı ilə sülh müqaviləsinin razılaşdırılması üzrə görüşlərin intensivləşdirilməsində maraqlıyıq

 Ermənistan sülh müqaviləsinin mətnini qısa müddətdə razılaşdırmaq üçün Azərbaycan tərəfi ilə görüşlərin intensivləşdirilməsində maraqlıdır.

Bunu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.

“Nazirlər və ya dövlət başçıları səviyyəsində konkret razılaşma yoxdur. Ancaq Ermənistan tərəfi müqavilə mətninin razılaşdırılmasını qısa müddətdə başa çatdırmaq üçün görüşlərin intensivləşdirilməsində maraqlıdır”, – V.Kostanyan qeyd edib.

O, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş danışıqlar artıq çoxdan ikitərəfli formatda aparılır: “Təbii ki, görüşlər müxtəlif ölkələrdə keçirilib. Tərəfdaşlarımız danışıqlar prosesinə öz dəstəklərini ifadə etməyə çalışıblar, ancaq danışıqlar mahiyyət etibarilə, ikitərəfli formatda gedir”.