Azərbaycanla Qırğızıstan arasındakı əlaqələr dərin tarixi köklərə malikdir. Bu gün Azərbaycanla Qırğızıstanın münasibətləri bütün Türk dünyası üçün də önəm daşıyır.
Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan böyük bir ailədir. Dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq əlaqələri ildən ilə daha da möhkəmlənməkdədir.
Prezident İlham Əliyevin türkdilli ölkələrə, onların dövlət başçılarının Azərbaycana qarşılıqlı səfərləri davamlı xarakter alıb. Prezident İlham Əliyevin noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XI Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfəri də bu baxımdan xüsusi vurğulanmalıdır.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri zamanı Azərbaycanla Qırğızıstan arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bununla da iki ölkənin münasibətləri növbəti mərhələyə keçib. O cümlədən Qırğızıstanda minlərlə Azərbaycan vətəndaşı yaşayır, Azərbaycan sahibkarları Qırğızıstan iqtisadiyyatına töhfə verirlər. Qırğız iş adamları, qırğız şirkətləri də Azərbaycanda təmsil olunurlar.
Qırğızıstan Prezidenti digər türk dövlətləri ilə birgə Qarabağda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşündə çox fəal iştirak etdi. Qırğızıstan Ağdamda orta məktəb tikintisini öz üzərinə götürdü və tikinti işləri uğurla davam edir. Noyabrın 5-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edildi. Bu, Qırğızıstanın Azərbaycan Prezidentinə olan ehtiramının növbəti dəfə yüksək səviyyədə nümayişi oldu.
Bişkekdə Sammit çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. qeyd edilib ki, bu ilin iyul ayında Şuşa şəhərində keçirilən Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Vurğulanıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərib və bu gələcəkdə təşkilatın potensialının daha da güclənməsinə öz töhfəsini verəcəkdir.
Ölkə başçısı bildirib ki, “Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir”.
Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.
Çıxışının sonunda ölkə başçımız əmin olduğunu bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru