Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının Bişkekdə XI Zirvə görüşü keçirilib.
Toplantılarında regional və qlobal əməkdaşlığın, təhlükəsizliyin təmin olunması istiqamətində mühüm qərarlar qəbul edilən TDT bu dəfə də ənənəsinə sadiq qalıb. İclasda TDT və Afrika İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair qərar qəbul edilib.
Əldə edilən razılaşmaya əsasən, bu, regional qarşılıqlı fəaliyyət üçün möhkəm təməl rolunu oynayacaq. Təşkilatlar arasında Birgə zirvə toplantısının çağırılması istiqamətində də fəaliyyət göstərilməsi üçün uyğun tədbirlərin görülməsi üzrə tapşırıqlar verilib.
Bu, türk dünyası ilə Afrika arasında əməkdaşlığın güclənməsi və genişlənməsi istiqamətində mühüm addım sayıla bilər.
Belə bir addım TDT-nin beynəlxalq təşkilatla əlaqələr baxımından əhəmiyyətli sayıla bilər. Çünki Afrika İttifaqı da müəyyən mənada məhdud fəaliyyətlə məşğul olur.
Afrika İttifaqı 2002-ci il iyulun 9-da yaradılıb. Quruma Afrikanın 55 ölkəsi daxildir. Bu həm də Afrika Birliyi Təşkilatının hüquqi varisidir. 2011-ci ilin yanvarında Azərbaycana İttifaqda müşahidəçi statusu verilib.
Əlcəzair, Anqola, Konqo Demokratik Respublikası, Misir, Zambiya, Kamerun, Konqo Respublikası, Kot-d’İvuar, Liviya, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali, Sudan, Tunis, Efiopiya, Cənubi Afrika Respublikası kimi ölkələr bu ittifaqın üzvləridir.
İttifaqa üzv dövlətlər təbii şəraitləri yanaşı, zəngin sərvətə və böyük bazar malikdir. Onlar vaxtı ilə müstəmləkə rejimlərindən çoxsaylı məhrumiyyətlərə məruz qalıblar. Keçmiş kolonialistlər onları istismar etmək məqsədi ilə yenidən qitədə fəaliyyətlərini genişləndirməyə, nüfuzlarını bərpa etməyə səy göstərir.
Bununla yanaşı, Afrika İttifaqı qitədə baş verən bir sıra böhranlı hadisələrin yatırılmasına da töhfə verməyə çalışır.
Quruma üzv ölkələrin bir çox ilə TDT arasında ortaq dini, mədəni yaxınlığın bu sırada vurğulanması yerinə düşər.
Habelə bu ölkələr uzun illər quldarların (müstəmləkəçilərin), insan tacirlərinin başlıca “bazarı” sayılıb. Həmin müstəmləkəçilər indi fərqli sifətlə qitəni yenidən istismar etməyi hədəfləyir.
Nəzərə almaq lazımdır ki, TDT də Türkiyə istisna olmaqla çar Rusiyası və keçmiş sovet rejimlərindən çox zərbə alıb.
Bu baxımdan müəyyən mənada TDT-yə üzv dövlətlərlə Afrika İttifaqı üzvləri arasında müəyyən oxşarlıq da var.
Müxtəlif istiqamətlərdə yaxınlıq və oxşarlıq onların əməkdaşlığına, yaxınlaşmasına müsbət təsir göstərə bilər.
Onu da qeyd etmək lazımdır ki, təşkilat beynəlxalq əlaqə baxımından ilk dəfə olaraq əməkdaşlıq coğrafiyasını genişləndirəcək. Bu həm də üç qitənin – Asiya, Avropa və Afrikanın qarşılıqlı əməkdaşlığı, fəaliyyətinə, yaxınlaşmasına təkan verər.
TDT məkanına yaxın ölkələrlə əlaqələrin qurulması, onlara yardım edilməsi kimi məsələnin gündəliyə gətirilməsi də mühüm, önəmli hadisələrdən sayıla bilər.
Türküstana, Mərkəzi Asiyaya yaxın olan Əfqanıstan təşkilata üzv dövlətlərin üçü ilə qonşudur, ölkədə baş verənlər, onun sakinlərinin həyatı, yaşayış tərzi TDT dövlətləri üçün çox önəmlidir. Vaxtı ilə Əfqanıstan regional təhlükəsizliyə təhdid mənbələrindən olub. Odur ki, ölkənin TDT ilə əməkdaşlığı regional, qlobal sabitliyə və təhlükəsizliyə yardım edər.
Zirvə toplantısında Təşkilatın Əfqanıstan üzrə İşçi Qrupunun yaradılmasının vacibliyini vurğulanıb. Bu baxımdan Macarıstanda keçiriləcək qeyri-rəsmi Zirvə Görüşündə qəbul edilməsi üçün Əfqanıstan məsələsi üzrə TDT üzv dövlətlərinin vahid yanaşmasının hazırlanması məqsədilə xarici işlər nazirlərinə İşçi Qrupu vasitəsilə Dövlət Başçıları Şurasının Bəyanat layihəsinin hazırlanmasını tapşırılıb.
Bu, TDT-yə üzv ölkələrin beynəlxalq aləmdə, xarici siyasət sahəsində ortaq mövqe nümayiş etdirməsi üzrə ilk addım olacaq.
Üzv dövlətlərin təşkilatdan kənar ölkələr və beynəlxalq təşkilatlarla əlaqə yaratmaq istiqamətində atdığı addımlar ona yeni müsbət siyasi rəng qatır.
Bu həm də o deməkdir ki, TDT ancaq məhdud dövlətlərin və onların vətəndaşlarının problemləri ilə məşğul olmur, beynəlxalq aləmdə əməkdaşlığa da üstünlük verir.
Bişkek Zirvə Görüşü bu qərarları ilə təşkilatın fəaliyyətinə yenilik qatıb.(Report)