İspaniya seldən zərər çəkmiş insanlara 10 milyard avro vəsait ayıracaq

 İspaniya hökuməti daşqınlara qarşı ilk yardım paketinin bir hissəsi olaraq təxminən 10,6 milyard avro ayıracaq.

Bunu krallığın baş naziri Pedro Sançes bildirib.

Onun sözlərinə görə, müvafiq qərar Nazirlər Şurasının iclasında qəbul edilib. Vəsait ev təsərrüfatlarına, şirkətlərə, fərdi sahibkarlara və yerli qurumlara veriləcək.

“Görülən bütün bu ilk tədbirlərin ümumi investisiya həcmi 10,6 milyard avronu keçəcək”, – Sançes bildirib.

Oktyabrın sonunda İspaniya son 30 ilin ən böyük daşqını yaşayıb. Güclü yağışlar Valensiya muxtar icmasını və bir sıra digər əraziləri vurub. “The Guardian” qəzeti ölkədə daşqınlar nəticəsində 7 nəfərin itkin düşdüyünü  və 200-dən çox insanın öldüyünü bildirib. Valensiyada yağan yağışlar səbəbindən dəmir yolu və magistral yolları su basıb, bölgədə sürətli qatarların hərəkəti dayandırılıb.